Kolorektal xərçəng (bağırsaq xərçəngi) ən çox yayılmış və təhlükəli onkoloji xəstəliklərdən biridir. Müalicə üsullarında əhəmiyyətli irəliləyişlərə baxmayaraq, xəstəlik gec aşkar edildikdə, xəstələrin 5 illik sağ qalma nisbəti 40% -dən çox deyil.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya onkoloqu, tibb elmləri namizədi Dmitri Belkov danışıb.
Mütəxəssisin sözlərinə görə, yaş artdıqca kolorektal xərçəngə tutulma ehtimalı artır və kişilər qadınlara nisbətən bu xəstəliyə daha çox həssasdırlar. Genetik meyl şiş meydana gəlməsi riskini 3-5 dəfə artırır və halların təxminən 50%-i həyat tərzi və kanserogen maddələrlə uzun müddətli təmasla bağlıdır. Əksər hallarda kolon xərçəngi poliplərdən inkişaf edir, baxmayaraq ki, onların hamısı nəticədə bədxassəli hala gəlmir.
Həkim vurğulayıb ki, xərçəng ləng inkişafla xarakterizə olunur, bu səbəbdən də uzun müddət asemptomatik ola bilər. İlk simptomlar illər sonra görünür və onların şiddəti şişin yerindən asılıdır. Çox vaxt klinik əlamətlər o qədər zəifdir ki, hərtərəfli müayinə olmadan patologiyanı müəyyən etmək mümkün deyil.
"Erkən mərhələdə kolon xərçəngi xərçəng xəstələrini çox narahat etməyən, lakin buna baxmayaraq diqqət tələb edən kiçik simptomlarla müşayiət olunur. Məsələn, əgər şiş bağırsağın sağ hissəsində yerləşirsə, xəstələrdə tez-tez xroniki halsızlıq, yorğunluq və qan azlığı müşahidə olunur, arıqlama və dövri qızdırma müşahidə oluna bilər", deyə Belkov bildirib.
Sol hissənin şişləri, onun sözlərinə görə, özünü fərqli aparır: qəbizlik və ya ishal, qarın ağrısı, meteorizm, bağırsaq tıkanıklığı, həmçinin defekasiya zamanı qanlı və ya irinli axıntıya səbəb olur, tez-tez kəskin ağrı ilə müşayiət olunur:
"Heç bir narahatlığınız olmasa belə, kolon xərçənginin qarşısını almaq üçün kolonoskopiya etməyi məsləhət görürəm. Bu, şişləri və xərçəng öncəsi vəziyyəti ən erkən mərhələlərdə aşkar etməyə imkan verən yeganə üsuldur. 45 ildən sonra 2-3 ildən bir belə müayinə aparılmalı, ailədə kolorektal xərçəng halları varsa, diaqnostikaya 35 yaşından başlanmalıdır. Şübhəli formasiyalar aşkar edilərsə, proseduru hər il təkrarlamaq tövsiyə olunur. Üstəlik, kolonoskopiya zamanı aşkar edilən hər hansı bir polip dərhal çıxarıla bilər. Bu, gələcəkdə xərçəngin inkişafının qarşısını almağa kömək edəcək".
Samir