Bəzi insanlarda ürək döyüntüləri həddindən artıq sürətli olur.
Onlar, zaman-zaman şiddətli ürək döyüntülərindən şikayət edirlər. Xüsusilə həmin şəxslər həyəcanlananda və ya hərəkət edəndə bu hal baş verə bilir. Onlar, bundan çox ehtiyat edirlər.
Bəs bu nəyin əlamətləridir? Ürək döyüntüləri hansı problemlərə səbəb ola bilər?
Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, ürək döyüntüləri bir çox müxtəlif xəstəliklərdə özünü göstərə bilir:
"Ən çox rast gəlinən xəstəliklərdən biri simpatik sinir sisteminin oyanmasıdır. Yəni beyində simpatik tonusun yüksəlməsi adətən xəstələrdə həm nevroz halı yaradır, həm də ürək döyüntülərini sürətləndirir.
Ağır xəstəlikdən isə zəhərli zobu olan xəstələrdə bu hal müşahidə olunur. Onun dərəcələrini hətta ürək döyünməsi ilə müəyyənləşdirə bilirlər. Yəni ürəkdöyünmə orada əsas şərtlərdən biri olur. Həmçinin, müəyyən iltihabı xəstəliklər də ürək döyüntülərinə gətirib çıxara bilir. Amma bu, elə də çox olmur".
Həkim qeyd edib ki, əsasən əsəb sistemi pozulanlarda və zob xəstələrində ürək döyüntülərini çox olur:
"Bəzi adamlarda isə ürək döyüntüləri tutma şəklində olur. Yəni bu, çox mürəkkəb proseslərdir. Mədəcik və qulaqcıq taxikardiyası ürək döyüntülərinə səbəb ola bilir. Hətta bu hallarda ürək döyüntüləri 150-200-dən yuxarı formada özünü göstərir. Çox müxtəlif xəstəliklər ürək döyünmələri verə bilir. Lakin əsasən sadaladığım xəstəliklər ürək döyüntülərinə səbəb olur".
Pərviz