Bu gün gənclərimiz ictimai yerdə, yolda, avtobusda, metroda qulaqcıq vasitəsilə musiqiyə qulaq asır.
Ancaq bu hal ətrafdakı insanların narahatlığına səbəb olur.
Yüksək səslə səslənən musiqi ətrafdakı insanlara xoş təsir bağışlamır.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, cəmiyyətdə yaşayan fərd olaraq, digər fərdlərin hüquqlarını əzməyə ixtiyarımız yoxdur.
Yüksək səslə musiqiyə qulaq asmaq digər insanları narahat edir, onların hüquqlarını pozur. Bu da etik tərəfdən doğru deyil:
"Yüksək səslə musiqiyə qulaq asan insanların psixoloji, hətta psixiatrik problemləri olma ehtimalları daha çoxdur. Müntəzəm olaraq qulaqcıqdan istifadə edən melomanların sağlamlığı daha çox risk altındadır. Müasir gənclər musiqiyə qulaqcıq vasitəsilə qulaq asırlar və bu da gələcəkdə kütləvi karlığa səbəb ola bilər. Amma faktdır ki, bu gün qulaqcıqlar az qala gənclərin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Təbii ki, kiçik, kompakt bir şeyi hər zaman üstündə gəzdirmək bəzən insan üçün çox rahatdır. İdman zalında, məktəbdə, universitetdə, avtobusda, metroda – qulağında xoş bir musiqi ilə gəzməkdən çoxları zövq alır. Bu cür hallarla hər addımda qarşılaşmaq olur".
Sevinc