Yuxusuzluğunuzun səbəbi bağırsaqlarınız ola bilər - ARAŞDIRMA

SAĞLAMLIQ
15:10 / 06.03.2025
62

Türkiyənin Səlcuq Universiteti (SÜ) Tibb Fakültəsi Biokimya kafedrasının müəllimi, professor Fatma Hümeyra Yerlikaya Aydəmir və komandası tərəfindən aparılan araşdırma, yuxusuzluq problemi yaşayan şəxslərin bağırsaqlarında da problemlər olduğunu ortaya çıxarıb.

HİT.az xəbər verir ki, eyni zamanda SÜ Sağlamlıq Elmləri İnstitutunun müdiri olan professor Aydəmir və tədqiqat qrupu tərəfindən iki il davam edən araşdırmada, SÜ Tibb Fakültəsi Xəstəxanasında yuxusuzluq diaqnozu qoyulmuş 41 nəfər və sağlam 45 nəfər üzərində müxtəlif testlər, sorğular və analizlər aparılıb.

Yuxusuzluq diaqnozu olan xəstələrlə yuxu problemi yaşamayan şəxslərin bağırsaq sağlamlığını müqayisə etmək məqsədilə həyata keçirilən araşdırmada, iştirakçılarda qısa zəncirli yağ turşuları və bağırsaq divarının sağlamlığının göstəricisi sayılan zonulin zülalları analiz edilib.

Tədqiqat nəticəsində yuxusuzluq diaqnozu olan şəxslərdə qısa zəncirli yağ turşularının sağlam insanlarla müqayisədə əhəmiyyətli dərəcədə az olduğu, zonulin zülalının isə xeyli yüksək çıxdığı müəyyən edilib. Bu da yuxusuzluq yaşayan insanların bağırsaqlarında problem olduğunu göstərib.

"Journal of Psychiatric Research" jurnalında dərc edilən araşdırma nəticələrinə görə, yuxusuzluq problemi olan şəxslərin sağlam insanlara nisbətən daha çox şəkər, marqarin, omega-6 yağları, qızartmalar və meyvə şirəsi istehlak etdiyi məlum olub.

Professor Fatma Hümeyra Yerlikaya Aydəmir "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, bağırsaq sağlamlığı dünyanın ən çox müzakirə edilən mövzularından biridir.

"Bağırsaq sağlamlığını təsir edən parametrlər xəstəliklərə görə necə dəyişir?" sualından yola çıxaraq tədqiqata başladıqlarını deyən Aydəmir əlavə edib: "Elm dünyası bağırsağın bir çox xəstəliklərlə əlaqəli olduğunu bildirdi və mikrobiotanı (həzm sistemində olan müxtəlif bakteriya, virus, göbələk və digər mikroorqanizmlər toplusu) araşdırdı. Artıq məlumdur ki, bağırsaqdakı bakteriyaların sayından və növündən çox, onların ifraz etdiyi maddələr orqanizmin sağlamlığını tənzimləyir".

Aydəmir bildirib ki, Səlcuq Universiteti və Konya Texniki Universitetindən akademiklərin iştirakı ilə iki ildən artıq davam edən əməkdaşlıq nəticəsində mikrobiota metaboliti olan qısa zəncirli yağ turşularının ölçülməsi standartlaşdırılıb.

Professor Aydəmir deyib: "İlk nəticələri yuxusuzluq mövzusunda, yəni insomnia (yuxusuzluq) xəstələri üzərində apardığımız araşdırmadan əldə etdik. Tədqiqatımız beynəlxalq "Journal of Psychiatric Research"də dərc edilib. İki nəfərdən birinin yuxusuzluq problemi yaşadığını bilirik. Çay, qəhvə, psixoloji narahatlıqlar kimi bir çox səbəbi günahlandırsaq da, biz yeni bir pəncərə açırıq. Bu da bağırsaq sağlamlığıdır. Əgər bağırsaq sağlamlığı pisdirsə, yuxu da təsirlənə bilər. Bağırsaqdakı bakteriyalar müəyyən maddələr ifraz edir. Məsələn, qısa zəncirli yağ turşuları hormon təsiri göstərir, hormon kimi davranır və ya hormonlara təsir edir. Bağırsaq bakteriyalarının istehsal etdiyi bu maddələr beyinədək gedərək müəyyən siqnallar verir. Biz onların yuxunu təsir edəcək qədər güclü olduğunu müşahidə etdik".

Aydəmir qeyd edib ki, tədqiqatda yalnız yuxusuzluq problemi yaşayan 41 nəfər və sağlam 45 nəfər müəyyən testlərdən keçib və çox fərqli nəticələr əldə olunub.

Tədqiqat iştirakçılarının qidalanma vərdişlərinin də öyrənildiyini bildirən Aydəmir əlavə edib:

"Qısa zəncirli yağ turşularını əsas götürdüyümüz zaman yuxusuzluq problemi olan insanlarda bağırsaq sağlamlığının daha pis olduğunu müəyyən etdik. Bu insanların qidalanmasına baxdıqda isə əsasən şəkər və rafinə karbohidratlarla qidalandıqlarını gördük. Nə qədər çox emal olunmuş qida istehlak etsək, tam qidalardan və lifdən uzaqlaşsaq, bağırsaqlarımız zərər görür. Lif istehlakı ilə serotonin mexanizmini daim və nizamlı işlədə bilərik. Serotonin əsasən bağırsaqlarda ifraz olunur. Bunu isə bakteriyalar təmin edir. Ona görə də liflə zəngin tərəvəzlər, tam taxıllar, paxlalılar yeməliyik. Bu qidalar qısa zəncirli yağ turşularını və bağırsaqdakı faydalı bakteriyaları artıran məhsullardır. Bu, qlobal bir problemdir – pis qidalanırıq, lifsiz qidalanırıq və bunun nəticəsində də yuxusuz qalırıq".

Samir

0