İslam dünyasının müqəddəs bayramlarından olan Ramazan oruc tutmaq ehtiyacı olanlara kömək etmək üçün dərindən düşünmək imkanı verir, mərhəmətli olmağa səsləyir.
Eyni zamanda, bir ay oruc tutmaq insanın sağlamlığında mühüm rol oynayır.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, oruc tutmaq faydalıdır, insan orqanizminə xeyirlidir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir:
"Oruc tutarkən isə mədə, bağırsaqlar, qaraciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, oruc tutmağın müsbət təsirinə məruz qalmasın. Ramazan ayında mədənin sağlamlığını qorumaq üçün yeməklərin bişirilmə üsullarına də diqqət yetirilməlidir. Xüsusilə, qaynadılmış və sobada bişirilmiş xörəklər yeyilməli, hisə verilmiş və qızardılmış qidalardan qaçılmalıdır. Qidalanmadakı dəyişikliklərlə əlaqədar meydana gələ biləcək qəbizliyi önləmək üçün paxlalılar, kəpəkli taxıllar, tərəvəz kimi lif nisbəti yüksək olan qidalar, ara vaxtlarda isə təzə və quru meyvələr yeyilməlidir".
Sevinc