Uzun ömür tədqiqatları sahəsində dünyanın ən tanınmış alimlərindən biri daha uzun yaşamaq istəyənlərə gözlənilməz bir tövsiyə verib.
HİT.az xəbər verir ki, Dr. Şay Efrati son 20 il ərzində sağlamlığını diqqətlə izləyir. Beyninə mütəmadi olaraq MRT müayinələri etdirən, idrak və fiziki performansını ölçən testlərdən keçən Efrati "Business Insider"a açıqlamasında sağlamlıq göstəricilərinin 30 yaşlarında olduğundan daha yaxşı olduğunu bildirib.
Floridada hiperbarik oksigen terapiyası klinikasının qurucusu olan Efrati sağlam qalmasının sirrinin bu terapiyanı öz üzərində tətbiq etməsi ilə bağlı olduğunu deyir.
Hiperbarik oksigen terapiyası zamanı xəstələr təzyiqli bir otaqda saf oksigen tənəffüs edirlər. Araşdırmalar bu müalicənin yaşlanmanın bəzi biomarkerlərini geri çevirə biləcəyini göstərsə də, hələ ki, ABŞ Qida və Dərman İdarəsi tərəfindən tam təsdiqlənməyib.
Lakin Efratinin sağlam yaşlanmaq istəyən xəstələrinə verdiyi ən vacib tövsiyə mümkün qədər uzun müddət işləməyə davam etməkdir. O, "gənc qalmaq istəyirsinizsə, təqaüdə çıxmayın" deyə vurğulayıb.
Efrati qeyd edir ki, başqalarının ehtiyac duyduğu bir insan olmaq, insana yaşamaq üçün məqsəd qazandıra bilər. O, "Əlbəttə, tikinti və ya ağır fiziki işdə çalışırsınızsa, dayanmalısınız. Amma belə bir işdə deyilsinizsə, heç vaxt təqaüdə çıxmayın. Əgər bir sahəni tərk etmisinizsə, başqa bir işə başlayın. Bir məqsəd uğrunda mübarizə aparın, insanlar sizə ehtiyac duysun", deyə bildirib.
Efrati 90 yaşlarında olmasına baxmayaraq, hələ də əmlak sektorunda çalışan və Marsda inşaat planları quran bir xəstəsini nümunə göstərib. O, bu yanaşmaya sahib insanların, sadəcə istirahət üçün ömür uzatma müalicəsi alan 40 yaşlı bir təqaüdçüdən daha uyğun namizəd olduğunu qeyd edib.
2019-cu ildə 51-61 yaş aralığında olan 6.985 nəfərlə aparılan bir araşdırma güclü məqsəd hissinə sahib insanların 16-18 illik müşahidə dövrü ərzində ölmə ehtimalının daha aşağı olduğunu göstərib. Alimlər məqsəd hissinin insanın özünü yaxşı hiss etməsinə və daha aşağı iltihab səviyyələri ilə əlaqələndirildiyini bildiriblər.
Londondakı "King’s College"də qocalma üzrə dərslər verən və iş, sağlamlıq və uzun ömür arasındakı əlaqəni araşdıran WHERL layihəsinin rəhbərlərindən biri olan Karen Qleyzer də bildirib ki, stressli və ya ağır fiziki işlərdən uzaq duraraq işləməyə davam etmək idrak qabiliyyətlərini qorumağa kömək edə bilər: "Digər tərəfdən, təqaüdə çıxmaq bizi uzun ömürlə əlaqəli olan sosial əlaqələrdən məhrum edə bilər".
2023-cü ildə BMC Medicine jurnalında yayımlanan bir araşdırmaya görə, sosial təcrid 38-73 yaş aralığındakı insanlarda hər hansı bir səbəbdən ölüm riskini 77% artırır.
Dünyanın ən yaşlı insanlarının yaşlarını təsdiqləyən LongeviQuest-in tədqiqatçıları Ben Meyers və Fabrizio Villatoro müsahibə apardıqları minlərlə yüzillik insanın ortaq xüsusiyyətlərindən birinin mümkün qədər uzun müddət işləmək olduğunu bildiriblər.
Massachusetts Universiteti Tibb Məktəbində sağlam ömür üzərində araşdırmalar aparan professor Haydi Tissenbaum isə bədənin və beynin aktiv qalmasının uzun və sağlam həyat üçün əsas şərt olduğunu vurğulayıb.
Qleyzer əlavə edib ki, eyni faydalar könüllü işlərdə iştirak etməklə və ya müxtəlif hobbilərlə məşğul olmaqla da əldə edilə bilər. O, "əsas məsələ işdə çalışmaq deyil, aktiv qalmaqdır", deyə bildirib.
Samir