İl ərzində ölkəmizdə müxtəlif bayramlar qeyd olunur.
Bayramların əsas atributlarından biri də gözəl süfrələrdir.
Günümüzün reallığında süfrələrin gözəl olması ilə yanaşı, sağlamlığa zərər verməməsi də əhəmiyyət daşıyır.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, aş yeməklərin tacı olduğundan süfrədə digər xörəklə əvəz edilmir:
"Amma aşı az yağla, həmçinin yağsız ətlərdən istifadə etməklə hazırlamaq lazımdır. Menyuda aşla yanaşı, tərəvəz salatı, balıq, kabab kimi yeməklərin olması problem deyil. Aşın mayonezli salat, yağlı dolma, yağlı balıqla birlikdə qəbulu həddən artıq ağırlıq yarada bilər. Şəkərli diabet, təzyiqdən əziyyət çəkən insanlar şirniyyat qəbul edərkən daha ehtiyatlı olmalıdırlar. Bayram günlərində rejimlə qidalanmaq məsləhət görülür. Bayram günlərində səhər tez durmaq məsləhət görülür. Saat 12-yə qədər yatan insanlarda qida həzmi prosesi çox çətin gedir. Ona görə də səhər saat 8-də durub iki stəkan su içmək önəmlidir. Ümumiyyətlə, gün ərzində maye qəbul etmək vacib şərtlərdən sayılır".
Sevinc