Yazda özünü göstərən baş ağrıları ilə bağlı XƏBƏRDARLIQ

SAĞLAMLIQ
09:29 / 13.04.2025
135

Yaz aylarında bir çox respirator viruslar aktivləşir, həmçinin, allergik xəstəliklər də çoxalır.

Bununla yanaşı tez-tez baş ağrılarından şikayət edənlər də var. Uzun qışdan sonra vitamin çatışmazlığının da bu prosesdə rolu mütləqdir.

Mütəxəssislər, həmçinin, baş ağrılarının hansısa bir xəstəlikdən, narahatlıqdan qaynaqlandığını iddia edirlər.

Bəs xüsusilə yazda baş ağrılarının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, bu, insan orqanizminin də yazda oyanması ilə əlaqədardır:

“Yaz aylarında baş ağrılarının mütləq olması anlayışı yoxdur. Sadəcə, yaz aylarında təbiət oyanır, insan orqanizmi də təbiətin bir hissəsi olduğu kimi onda da oyanma prosesi gedir.

Təbiətdə ağacların, torpağın üzərində hansı tədbirlər görülürsə, insan orqanizmində də həmin tədbirlər görülməlidir. Oyanma prosesi ilə bağlı insan bədənində mübadilə prosesi güclənir.

Bunün üçün də sağlam orqanizmə vitamin və minerallar laızm olur ki, maddələr mübadiləsi normal olsun”.

O bildirib ki, xəstə orqanizmlər oyanma, güclənmə prosesinə vaxtında reaksiya verə bilmirlər:

“Buna görə də xroniki xəstə olan şəxslər mütləq qabaqlayıcı tədbirlər görməli, öz qəbul etdikləri dərmanları vaxtlı vaxtında qəbul etməlidirlər.

Statistikaya baxanda görürük ki, insan ölümlərinin böyük əksəriyyəti yaz və payız aylarında, ən çoxu isə yaz aylarında baş verir. Bütün bunların hamısı bu proseslə bağlı insanların qabaqlayıcı tədbirlər görməməsindən qaynaqlanır.

Ən çox həmin baş ağrıları cavan adamlarda miqren, allergik xəstəliklərlə bağlı ola bilər. Beyin qan dövranında müəyyən pozulmalar baş verə və orda ağrılar yarada bilər. Qabaqlayıcı tədbirlərlə onun qarşısını almaq mümkün olur. Eyni zamanda, yaşlı adamlarda beyin-qan dövranında pozulmalar sürətlənə bilər. Yenə də qabaqlayıcı tədbirlər mütləqdir. Baş ağrıları çox ciddi olmayanda adi başağrı dərmanları və ya qabaqlayıcı profilaktik tədbirlərlə qarşısını almaq mümkündür”.


 

0