Xərçəng xəstənin yaşama iradəsini "söndürə" bilər - Həyat eşqini itirir

SAĞLAMLIQ
19:40 / 14.04.2025
115

"Science" jurnalında dərc edilən yeni tədqiqat göstərib ki, xərçəng şişləri insanın beynini dəyişdirərək yaşamağa olan motivasiyasını azalda bilər.

HİT.az xəbər verir ki, amerikalı alimlər - Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin mütəxəssisləri xərçəngin insan psixikasına təsirinin şokedici mexanizmini üzə çıxarıblar. Onlar sübut ediblər ki, şişlər beyni yenidən proqramlaşdıraraq xəstənin həyatda qalmaq istəyini azalda bilir.

Siçanlar üzərində aparılan təcrübə zamanı alimlər xərçəngə bağlı kaxeksiya (kəskin arıqlama və əzələ itkisi) modelindən istifadə ediblər. Məlum olub ki, şişlər "area postrema" adlanan və qan-beyin baryeri olmayan beyin nahiyəsinə daxil olaraq iltihabi molekullar (sitosinlər) ifraz edir.

Bu siqnallar motivasiya mərkəzi hesab edilən beyin nahiyəsində – "nucleus accumbens"də – dopaminin sintezini zəiflədir. Nəticədə, hətta sadə hərəkətlər (məsələn, yemək axtarma) belə xəstəyə dözülməz və mümkünsüz görünür.

Tədqiqatda siçanların fiziki imkanları olduğu halda, güc tələb edən tapşırıqlardan imtina etdikləri müşahidə edilib. Bu davranış insanlarda da müşahidə olunur: pasiyentlər kifayət qədər qidalanma və müalicəyə baxmayaraq, həyat eşqini itirirlər.

Alimlər iltihaba cavab verən neyronları bloklayaraq, dopamin ifrazını stimullaşdıraraq və sitokinləri dərmanla neytrallaşdıraraq siçanlarda yenidən fəaliyyətə meyli bərpa edə biliblər.

Mütəxəssislər qeyd edirlər ki, kaxeksiya xərçəngin son mərhələsində olan pasiyentlərin 80 faizinə təsir edir. Bu kəşf yalnız onkoloji xəstələr üçün deyil, həm də revmatoid artrit, xroniki infeksiyalar və depressiyadan əziyyət çəkənlər üçün yeni müalicə yanaşmaları təqdim edə bilər.

Samir

0