Artıq demək olar ki, koronavirus təhlükəsi geridə qalıb.
Lakin hələ də bu virusa yoluxmaqdan qorxan insanlar var. Hətta gedib koronavirus əleyhinə peyvənd vurduran şəxslərə də rast gəlirik. Hərçənd ki, çox uzun müddətdir belə bir tələb və ya tövsiyə yoxdur. Belə insanların sayı olduqca az olsa da, onların indiki zamanda peyvənd vurdurması da birmənalı qarşılanmır.
Ümumiyyətlə, indiki zamanda koronavirus peyvəndləri vurdurmağa yenə də ehtiyac var? Koronavirus təhlükəsinin olmadığı bir zamanda peyvənd vurdurmağın hansısa əks təsirləri ola bilər?
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, artıq koronavirusla bağlı problem yoxdur:
"Koronavirus bitib və dünya əhalisində kollektiv immunitet formalaşıb. Lakin bu virus tamamilə yoxa çıxmayıb, hələ də mövcuddur. Düzdür, bəzi xəstəliklərə də səbəb ola bilir. Əslində, zaman-zaman baş verən qrip alovlanmalarının içində koronavirus da olur.
Lakin artıq daha formada yüngül keçir və qripdən fərqlənmir. Sadəcə analiz verdikdə bunun koronavirus olduğunu bilmək olur. Ancaq yüngül keçdiyi üçün həmin analizə də ehtiyac yoxdur".
Həkim qeyd edib ki, koronavirus olmasa da, peyvənd vurdurmağın hansısa əks təsiri yoxdur:
"Amma buna baxmayaraq, risk qrupuna daxil olan şəxslərin peyvənd vurdurması tövsiyə olunmur. Buraya 65 yaşdan yuxarı şəxslər, immun sistemi zəif olan, onkoloji problemləri olan, kimyoterapiya müalicəsi alan, steroid preparatlar qəbul edən və orqan köçürülən insanlar üçün hələ də koronavirus təhlükəli ola bilər.
Ona görə də belə şəxslərin payız-qış dönəmində koronavirusa qarşı peyvənd olunması tövsiyə olunur. Digər əhali qrupunun isə peyvənd olunmasına ehtiyac yoxdur. Ümumi olaraq peyvənd vurdurmağın hansısa ziyanı və ya əks təsiri mövcud deyil".
Pərviz