ABŞ Yuxu Təbabəti Akademiyasının yayımladığı yeni hesabat tez-tez əsnəmək, gün ərzində dalğınlıq və artan kofein ehtiyacının ciddi yuxu çatışmazlığının əlamətləri ola biləcəyini ortaya qoyub.
HİT.az xəbər verir ki, mütəxəssislərə görə, bu vəziyyət təkcə fiziki təhlükəsizlik üçün deyil, uzunmüddətli sağlamlıq baxımından da ciddi risklər yaradır.
Yuxusuzluq cəmiyyətdə geniş təsirə malikdir
Hesabatda fikirlərinə yer verilən Yuxu Təbabəti Akademiyasının prezidenti və "Mayo Clinic"in yuxu üzrə mütəxəssisi doktor Erik Olson bildirib:
"Yuxusuzluq cəmiyyətin bütün sahələrinə təsir edən ciddi bir sağlamlıq problemidir. Bu vəziyyət yol-nəqliyyat qəzalarından tutmuş iş yerindəki səhvlərə və xroniki xəstəliklərə qədər bir çox təhlükəni özü ilə gətirir".
7 saatdan az yuxu ciddi sağlamlıq riski daşıyır
"TRT Haber"də yer alan məlumata əsasən, mütəxəssislər gecə yuxusunun keyfiyyətli və fasiləsiz şəkildə ən azı 7-8 saat davam etməsinin vacibliyini vurğulayırlar. Bu müddətdən az yatmaq, şəkərli diabet, depressiya, ürək və böyrək xəstəlikləri, yüksək təzyiq, piylənmə və insult kimi xəstəlikləri tetikleyə bilər.
Doktor Olson ABŞ-da böyüklərin üçdə birinin artıq yuxululuqdan şikayət etdiyini və bu problemin erkən diaqnoz və müalicə ilə həll olunmasının vacibliyini qeyd edib.
Əsnəmə və dalğınlıq ciddiyə alınmalıdır
Mütəxəssislər bildirirlər ki, gün ərzində yaşanan əsnəmə və ya iclas zamanı diqqətin yayınması kimi hallar çox vaxt əhəmiyyətsiz hesab olunsa da, bunlar əslində ciddi yuxu çatışmazlığının göstəricisi ola bilər.
Nortvestern Universitetinin yuxu üzrə mütəxəssisi doktor Kristen Knutson bildirib:
"Yaxşı yatmış bir insan nə qədər darıxdırıcı olsa da, bir toplantıda yuxulamaz. Əgər bu əlamətlər varsa, bir mütəxəssisə müraciət etmək lazımdır".
Beyin mikro yuxulara keçir
Yuxu mütəxəssisi doktor İndira Qurubhagavatula qeyd edir ki, yuxu çatışmazlığı insanın öz zehni vəziyyətini düzgün qiymətləndirməsinə mane olur.
"Yuxusuzluq artdıqca beyin bir neçə saniyəlik mikro yuxulara keçir. Bu anda insan avtomobil idarə edir və ya diqqət tələb edən başqa bir işlə məşğul ola bilər. Bu, son dərəcə təhlükəlidir".
ABŞ-da hər il təxminən 100 min yol qəzasının yuxusuz şəkildə avtomobil idarə edilməsinə görə baş verdiyi qeyd olunur.
Yuxu keyfiyyəti testlərlə ölçülə bilər
Yuxululuq vəziyyətini ölçmək üçün "Epworth yuxululuq şkalası" kimi metodlardan istifadə edilir. Dr. Qurubhagavatula deyir ki, bu testdə şəxsdən gündüz yuxululuğunu 0-dan 3-ə qədər qiymətləndirməsi istənir. 10-dan yuxarı nəticələr mütəxəssis müdaxiləsini tələb edən vəziyyətə işarədir.
İrəliləmiş yuxusuzluq fiziki əlamətlərlə özünü göstərir
Mütəxəssislərə görə ciddi yuxu çatışmazlığı aşağıdakı əlamətlərlə müşahidə edilə bilər:
* Göz qapaqlarının düşməsi
* Bədənin irəli əyilməsi
* Başgicəllənmə
* Əsəbilik və qeyri-iradi davranışlar
Bundan əlavə, yuxu apnesi, narahat ayaq sindromu, sirkadiyen ritm pozuntuları və bəzi dərmanlar da yuxululuğu artıran səbəblər sırasındadır.
Alkoqol və kafein sanıldığının əksinə zərərlidir
Mütəxəssislər bildirirlər ki, alkoqol və bəzi maddələrin yuxuya kömək etdiyi düşünülür, lakin əslində bu maddələr yuxu keyfiyyətini pozur.
Dr. Qurubhagavatula:
"Alkoqol ilk mərhələdə yuxuya keçidi asanlaşdıra bilər, amma gecə oyanmalarına səbəb olur. Yalnız bir qədəh alkoqolu dayandıran xəstələrimdə belə yuxunun keyfiyyətində əhəmiyyətli artım müşahidə etmişəm".
Eyni zamanda, həddindən artıq kofein, gec saatlarda ekran istifadəsi, fiziki fəaliyyətin azlığı, həddindən artıq səs və işıq da yuxu rejiminə mənfi təsir göstərən amillər arasındadır.
Samir