İstilik və digər stres amillərinə qarşı hüceyrələrin müdafiəsində mühüm rol oynayan HSF2 adlı istilik şoku zülallarının xərçəng proseslərini təşviq edə biləcəyi müəyyən edilib. Bu nəticəyə Finlandiyanın Abo Akademiyası alimləri gəliblər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "PLOS Pathogens" elmi jurnalında dərc olunub.
Hüceyrə xətləri və laboratoriya siçanları üzərində aparılan təcrübələr göstərib ki, HSF2 zülalı herpes viruslarının latent (gizli) vəziyyətdən aktiv mərhələyə keçməsini stimullaşdırır. Söhbət Kaposi sarkoması herpes virusu (KSHV) və Epşteyn–Barr virusu (EBV)-ndan gedir. Hər iki virus müxtəlif növ xərçənglərin inkişafı ilə əlaqələndirilir.
Bu viruslar insan orqanizmində illərlə simptom vermədən “yuxuda qala” bilirlər. Lakin müəyyən şərtlər altında aktivləşərək yayılır və onkoloji xəstəliklərə yol aça bilərlər. İndiyə qədər bu keçidi hansı hüceyrədaxili mexanizmlərin tətiklədiyi dəqiq məlum deyildi.
Yeni araşdırma göstərir ki, HSF2 bu prosesdə mühüm rol oynayır. O, virus genləri ilə birləşərək onların hüceyrədaxili DNT “qablaşdırmasını” (xromatin strukturunu) daha “açıq” hala gətirir və beləliklə genlərin aktivləşməsinə şərait yaradır. HSF2 səviyyəsinin artması virus aktivliyini artırır, azalması isə əksinə, virus genlərinin ifadəsini zəiflədir.
Tədqiqat müəlliflərinin sözlərinə görə: “Daha əvvəl HSF2 virusların həyat dövrləri ilə heç vaxt əlaqələndirilməmişdi və bu kəşf, virus mənşəli xərçəng xəstəliklərinin molekulyar mexanizmlərinə dair anlayışımızı əhəmiyyətli dərəcədə dəyişə bilər”.
Samir