Hər yerdə insan üzü "görmək" psixoloji xəstəlikdir?

SAĞLAMLIQ
13:00 / 30.04.2025
65

"İnsan beyninin mənasız və qeyri-müəyyən vizual nəsnələrdə üz formaları axtarma meyli "pareidolia" adlanır". 

Bu sözləri psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, insan beyni ətraf aləmi qavramaqda daim şablonlar və tanış formalar axtarır:

"Bu, onun məlumatı daha sürətli və effektiv şəkildə emal etməsinə kömək edir. Məhz bu səbəbdən beyin bəzən ətrafda olan təsadüfi formaları üz kimi qəbul edə bilər. Məsələn, bir daşda olan iki tünd ləkə və altındakı bir yarıq insanda iki göz və bir ağız təsiri yarada bilər". 

372437

Həmsöhbətimiz diqqətə çatdırıb ki, beyində bu prosesi idarə edən əsas sahə fusiform üz sahəsi adlanır:

"Bu sahə üzləri tanımaq və üz ifadələrini oxumaq üçündür. İnsan sosial varlıq olduğuna görə, beyin üzləri tanımağa çox həssasdır. Hətta bir şeyin üz olub-olmadığına əmin olmadan belə, beyində bu hissə aktivləşə bilər və tanınmamış obyektlərdə "üz" görmək kimi nəticə ortaya çıxar".

Ekspert qeyd edib ki, pareidolia psixoloji problem deyil:

"Bu, sağlam beynin fəaliyyətinin normal bir nəticəsidir. Əksinə, bu proses beynin yaradıcı və sürətli analiz qabiliyyətini əks etdirir. Lakin nadir hallarda bu hal hallüsinasiya və ya reallıqdan qopma ilə müşahidə olunur. Bunun baş verməsi isə şizofreniya kimi psixotik pozuntuların əlaməti ola bilər. Belə hallarda psixoloq və ya psixiatr müayinəsi tövsiyə olunur".

Zəhra Zahidova sözlərini belə yekunlaşdırıb:

"İnsanların üz formalarını müxtəlif yerlərdə görməsi beynin idrak və qorunma mexanizmlərinin bir hissəsidir. Yəni əksər hallarda heç bir psixoloji problemin göstəricisi deyil".

Pərviz

0