Darçının tərkibində olan sinnamaldehid bəzi dərmanları orqanizmdən çıxararaq onların effektivliyini azalda bilər.
Hit.az xəbər verir ki, bu qənaətə Missisipi Universitetinin müvafiq araşdırma aparan alimləri gəlib.
Qeyd olunur ki, yeməyə və ya içkiyə az miqdarda darçın qatmağın heç bir nəticəsi olmayacaq, lakin bu ədviyyatı böyük dozada istehlak etmək problemlər yarada bilər.
Aparıcı tədqiqatçı Şabana Xan xəbərdarlıq edib: "Darçının həddindən artıq istehlakı reseptlə yazılan dərmanların orqanizmdən sürətlə xaric olmasına səbəb ola bilər ki, bu da onların effektivliyini azalda bilər".
Tədqiqatçılar müəyyən edib ki, darçındakı əsas birləşmə - sinnamaldehid - orqanizmdə müəyyən dərmanları parçalayan reseptorları aktivləşdirə bilər. Xəbərdarlıq ilk növbədə hipertoniya, diabet, artrit, astma, piylənmə, HİV, QİÇS, depressiya kimi xroniki xəstəliklərdən əziyyət çəkən və davamlı olaraq dərman qəbul edən insanlara aiddir.
Xan deyib: "Ən yaxşı məsləhət darçın kimi hər hansı əlavələri reseptli dərmanlarla istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdir".
Eyni zamanda araşdırmada yeməklərin hazırlanmasında və kosmetika istehsalı üçün çox istifadə edilən darçın yağının heç bir risk daşımadığı vurğulanır.
Samir