Orqanların yerinin dəyişdiyi nadir hal: “Situs inversus” nədir?

SAĞLAMLIQ
22:39 / 06.05.2025
47

Bəzi insanlarda ürək və mədə kimi daxili orqanlar bədənin əks tərəfinə yerləşə bilər. 

HİT.az xəbər verir ki, “Situs inversus” adlanan bu nadir hal, bir çox insanı təsir edən, lakin çox vaxt fərqinə varılmayan genetik bir fərqlilik kimi tanınır. Bəs situs inversus sağlamlıq üçün təhlükəlidirmi?

1971-ci ilin sentyabr ayında gənc müğənni Donni Osmond güclü qarın ağrıları səbəbilə xəstəxanaya müraciət etdikdə, həkimlər ona ilkin olaraq appendisit diaqnozu qoydu. Lakin appendisit adətən yerləşdiyi sağ tərəfdə heç bir problem tapılmadığından, bu diaqnoz həkimləri çaşdırdı. Səbəb əslində sadə idi, amma bir o qədər də qeyri-adi: Osmond appendisit ağrısını bədənin sol tərəfində hiss edirdi. Bu da onun "situs inversus totalis" adlı vəziyyətə sahib olduğunu göstərirdi.

Lankaster Universitetinin Klinik Anatomiya Öyrənmə Mərkəzinin direktoru Adam Teylor, 2024-cü ildə "The Conversation" platformasında dərc olunan məqaləsində bəzi insanların döş və qarın boşluğundakı orqanlarının tamamilə tərs yerləşə bildiyini qeyd edib.

Bu vəziyyət yalnız Donni Osmondla məhdudlaşmır. Aktrisa Ketrin O’Hara və müğənni Enrike İqlesias da doğuşdan bu genetik fərqliliyə sahib tanınmış şəxslər arasındadır. Hətta əksər hallarda orqanlarla bağlı hər hansı problem olmadıqda, insanlar bu haldan xəbərsiz ola bilər.

“Situs inversus”, döş qəfəsi və qarın boşluğundakı orqanların sağ-sol istiqamətində tam tərs yerləşməsini ifadə edir. Məsələn, ürək normalda bədənin sol tərəfində yerləşdiyi halda, bu vəziyyətdə sağ tərəfdə ola bilər; eyni hal mədə və digər daxili orqanlara da aiddir.

Bu fərqlilik, doğuşdan mövcud olan genetik mutasiyalar nəticəsində yaranır. Lakin bunun tək bir genlə bağlı olmadığı, 100-dən çox genin və ətraf mühit amillərinin də təsirli ola biləcəyi məlumdur. Məsələn, hamiləlik zamanı ananın şəkərli diabeti, siqaret istifadəsi və ya bəzi dərmanlar bu vəziyyəti yarada bilər. Hətta erkən hamiləlik dövründə COVID-19 keçirmiş anaların körpələrində situs inversus riskinin artdığı da qeyd olunur.

“Situs inversus totalis” əksər hallarda sağlamlıq baxımından ciddi problem yaratmır. Orqanlar tərs yerləşmələrinə baxmayaraq, funksiyalarını normal şəkildə yerinə yetirə bilirlər. Bir çox insan bu vəziyyəti yalnız tibbi müayinə və ya cərrahi əməliyyat zamanı təsadüfən öyrənir. Ancaq müdaxilə tələb edən hallarda, həkimlərin orqanların gerçək yerləşimini bilməsi həyati əhəmiyyət daşıyır. Bu səbəbdən bəzi şəxslər tibbi xəbərdarlıq bilərziyi daşıyır.

“Situs ambiguus” adlanan daha mürəkkəb vəziyyətdə isə, orqanların yalnız bir hissəsi tərs yerləşir və bu, ciddi ürək xəstəlikləri, mədə-bağırsaq sistemi anomaliyaları və dalaqla bağlı problemlərlə müşayiət oluna bilər. Belə hallarda müalicə fərdi yanaşma tələb edir və bəzi körpələrdə doğuşdan dərhal sonra tibbi müdaxilə vacib ola bilər.

“Situs inversus” nadir bir genetik hal olsa da, əksər hallarda zərərsizdir və insanların ömrünü və ya həyat keyfiyyətini mənfi təsirləndirmir. Bir çox insan bu vəziyyətlə tam sağlam şəkildə yaşayır və bu fərqlilik bəzən sadəcə maraqlı bir tibbi detal kimi qalır.

Samir
 

0