Paltaryuyan maşınlarının gigiyenik təmizləmə qabiliyyətinə etibar edirsinizmi?
HİT.az xəbər verir ki, Böyük Britaniyanın De Montfort Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma ev tipi paltaryuyan maşınların təhlükəli və antibiotiklərə davamlı bakteriyaları – yəni “super bakteriyaları” məhv etməkdə gözlənildiyindən xeyli zəif olduğunu ortaya qoyub.
Xüsusilə xəstəxana və səhiyyə müəssisələrində çalışan milyonlarla şəxsin iş geyimlərini evdə yuması, bu növ maşınların qeyri-kafi dezinfeksiya qabiliyyəti səbəbilə, infeksiyaların yayılmasını asanlaşdırır. Bu vəziyyət həm səhiyyə işçiləri, həm də onların ailələri üçün cəmiyyət səviyyəsində ciddi bir sağlamlıq riski yaradır.
Antibiotiklərə davamlı bakteriyalar günümüzün ən ciddi sağlamlıq təhdidlərindən biridir və xəstəxana şəraitində əldə edilən infeksiyalar nəticəsində ölüm hallarının 20–50 faiz arasında dəyişə bildiyi qeyd olunur. Bu səbəbdən səhiyyə müəssisələrindən yayıla biləcək mikrobioloji yükün düzgün idarə olunması həyati əhəmiyyət daşıyır.
Tədqiqat çərçivəsində səhiyyə işçilərinin uniformasının yuyulmasında geniş istifadə edilən altı fərqli ev tipi paltaryuyan maşın, müxtəlif proqram, temperatur və yuyucu vasitələrlə sınaqdan keçirilib. Məqsəd, bu maşınların bakteriyaları məhv etmə qabiliyyətinin effektivliyini qiymətləndirmək olub.
Nəticələr olduqca narahatedici olub. Tez yuma proqramlarında maşınların yalnız yarısı formaları kifayət qədər təmizləyə bilib. Standart proqramlarda isə maşınların üçdə biri tələb olunan səviyyəyə çata bilməyib. Ən mühüm məqam isə odur ki, heç bir maşın Britaniya Milli Səhiyyə Xidməti (NHS) tərəfindən təyin edilmiş minimum tələb olan 60°C temperaturu ardıcıl 10 dəqiqə saxlamaq şərtini yerinə yetirə bilməyib. Beş maşın bu temperatur səviyyəsinə ancaq qısa müddətə çatıb və bu da bakteriyaları tam məhv etmək üçün yetərli olmayıb. Xüsusilə sürətli yuma dövrlərində temperatur əsasən 20–40°C səviyyəsində qalıb – bu isə bakteriyalar üçün təhlükə yaratmaqdan uzaqdır.
Tədqiqatda araşdırılan təhlükəli bakteriyalardan biri Enterococcus faecium olub. Bu bakteriya təkbaşına çoxalma xüsusiyyətinə sahibdir və yeni doğulmuşlarda menenjit, ürək infeksiyaları kimi həyati təhlükə yaradan hallara səbəb ola bilər. Hətta bioloji olmayan yuyucu vasitələrdən birinin, temperaturun 60°C-yə yaxınlaşdığı hallarda bakteriyaları daha effektiv məhv etdiyi müşahidə olunub.
Tədqiqatçılar maşınların daxili səthlərində zamanla yaranan bakteriyalı bioplyonkaları da təhlil ediblər. Bütün sınaqdan keçirilən maşınların içində antibiotiklərə davamlı bakteriya izləri tapılıb. Acinetobacter, Pseudomonas və Mycobacterium kimi təhlükəli növlərin mövcudluğu, bu maşınların infeksiya mənbəyinə çevrilə biləcəyini göstərir. Araşdırma onu da sübut edir ki, bəzi bakteriyalar yuyucu vasitələrə qarşı davamlılıq qazandıqca, eyni zamanda antibiotiklərə qarşı da güclənirlər.
Bu tədqiqatın nəticələri açıq mesaj verir: səhiyyə işçilərinin formalarının ev tipi paltaryuyan maşınlarda yuyulması patojenlərin yayılması və antibiotik müqavimətinin artması riskini azaltmaq üçün kifayət deyil. Alimlər, mövcud protokolların təcili şəkildə yenilənməsini və səhiyyə müəssisələrində sənaye tipli yuyucu avadanlıqlardan istifadə edilməsini tövsiyə edirlər. Bu sistemlər yüksək temperatur və uyğun deterjanlarla düzgün dezinfeksiya imkanı təqdim edir.
Bu araşdırma bir daha sübut edir ki, ev tipi paltaryuyan maşınlar həssas sahələrdən gələn tekstil məmulatlarının təmizlənməsində yetərli deyil və gigiyenik standartlara uyğun daha ciddi metodlara ehtiyac var.
Samir