Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı az deyil.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, epilepsiya beyində əlavə qıcıq sahələrinin əmələ gəlməsi və oyanma ocaqlarının yaranması ilə müşayiət olunan bir xəstəlikdir. Xəstə qıcolmalardan əziyyət çəkir və huşunu itirir:
“Kəllə-beyin travması keçirən, beyinin müxtəlif törəmələrində kista və şiş olan xəstələrdə, həmçinin ağır virus infeksiyalar keçirən şəxslərdə beyində yaranan oyanma ocaqları fonunda əmələ gələ bilir. Yəni, ümumilikdə səbəblər müxtəlifdir. Bütün hallarda epilepsiya xəstələrinin sayının artması narahatedici məqamdır. Son dövrlərdə təkcə epilepsiya deyil, həmçinin onkoloji, ürək-damar və digər nevroloji xəstəliklərin sayının da artması halı müşahidə olunur. Hesab edirəm ki, Azərbaycanda ən ciddi problemlərdən biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mümkün qədər çalışmalıyıq ki, ekoloji təmiz qidalardan istifadə olunsun. Ölkənin daxilində olan resurslardan maksimum şəkildə yararlanmaq lazımdır. Çalışmaq lazımdır ki, Azərbaycanda yetişən meyvə-tərəvəzdən daha çox istifadə edilsin. Ümumilikdə, ölkənin genofondunun qorunması üçün xüsusi proqram hazırlanmalıdır. Xaricdən gətirilən meyvə-tərəvəzlərin və digər qida məhsullarının təhlükəsizliyinə diqqət yetirilməlidir”.
Sevinc