"Gün ərzində insanın qəbul edəcəyi mayenin müəyyən bir miqdarı var".
Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, burada əsasən su və ayran nəzərdə tutulur:
"Yəni hər kiloqram çəki üçün 0,30 ml hesablanır. Ümumiyyətlə, bu maye miqdarı səhər yeməkdən əvvəl və ya yeməkdən 35-40 dəqiqə sonra qəbul oluna bilər. Əks təqdirdə, yemək zamanı ağız suyunun yetməzliyi və quruluqdan yaranan tələbata görə qida qəbul edərkən hansısa mayeyə ehtiyac duyular".
Ekspert yemək zamanı hansı mayelərdən istifadə etməyin faydalı olduğundan da danışıb:
"Yemək zamanı şəkərli və ya qazlı içki qəbul edilməməlidir. Lakin sadə su və ya ayran ola bilər. Ondan da qurtum-qurtum istifadə etmək məqsədəuyğundur. Bu, qidanın həzmini və parçalanmasını asanlaşdırar".
Mütəxəssis qeyd edib ki, yemək zamanı kompot içmək zərərlidir:
"Qida ilə birlikdə kompot və qazlı rəngli içkilərin qəbul olunması şişkinliyə səbəb olur, həzmi çətinləşdirir. Onları çox miqdarda qəbul etdikdə isə mədə turşusunu zəiflədir, qidaların həzm olunmamasına gətirib çıxarır. Eyni zamanda, davamlı olaraq bu şəkildə qida qəbul edən insanlarda şişkinlik, köp, qaz və ağrı yarana bilər".
Məhsəti Hüseynova diqqətə çatdırıb ki, yemək zamanı həm ayran, həm su, həm də kompot içən insanlarda mədənin pH səviyyəsi dəyişir:
"Bu isə mədə turşusunun balansını pozur. Eyni zamanda, mədə-bağırsaq sisteminin və maddələr mübadiləsinin pozulması kimi halların da yaşanma ehtimalı var. Yaxşı olar ki, həzm problemi olmayan insanlar qidanın maye ilə birlikdə qəbulunu azaltsınlar.
Əgər yemək zamanı maye içəcəklərsə də, bu, sadəcə su və ya ayran olsun. Əks halda, immun sistemi zəifləyə və qidalara qarşı həssaslıq yarana bilər. Həmçinin, bir neçə mayeni eyni yemək zamanı istifadə etmək xroniki xəstələrə də pis təsir edir".
Pərviz