"Bəzi insanların yuxu rejimi ciddi şəkildə pozulub. Onlar vaxtında yatmaqda və oyanmaqda çətinlik çəkirlər".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, gec saatlara qədər oyaq qalmaq, səhərlər isə yuxudan yorğun və halsız oyanmaq onların gündəlik həyat keyfiyyətini aşağı salır:
"Bu hal sadəcə fiziki deyil, eyni zamanda, psixoloji bir problemin göstəricisi ola bilər. Ümumiyyətlə, yuxu rejiminin pozulmasının əsas səbəbləri sırasında stress, narahatlıq, depressiya və digər psixoloji vəziyyətlər gəlir. İnsan beyninin sakitləşməməsi, gündəlik problemlərin yuxu vaxtına da daşınması, bəzən də gələcəklə bağlı narahatlıqlar sağlam yuxuya maneə törədir".
Ekspert çətin yuxaya gedənlər üçün bir neçə yol göstərib:
"Əgər insan yata bilmir və bu hal tez-tez təkrarlanırsa, bəzi sadə, lakin təsirli üsullardan istifadə edə bilər. Onları tətbiq edərək yuxuya getməyi asanlaşdıra bilər. Məsələn, 4-7-8 nəfəs texnikasından istifadə etmək olar.
Bunun üçün 4 saniyə nəfəs almaq, 7 saniyə saxlamaq, 8 saniyə isə nəfəsi buraxmaq lazımdır. Bu, sinir sistemini sakitləşdirir və yatmağa kömək edir. Həmçinin, yatmadan əvvəl dua və meditasiya etmək də faydalıdır. Bu isə öz növbəsində zehni boşaldır və daxili sakitlik tapmağa kömək edir".
Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl gündəlik problemləri düşünmək əvəzinə, pozitiv və sakitləşdirici fikirlərə fokuslanmaq lazımdır:
"Bundan başqa, yatmadan ən azı 1 saat əvvəl telefon, kompüter və televizordan istifadə etmək olmaz. Çünki bu, yuxunu qaçırır. Eyni zamanda, çay, qəhvə və enerji içkilərini də günün ikinci yarısında qəbul etmək axşam yuxuya getməyə əngəl olur.
Ümumiyyətlə, gün ərzində çox hərəkət edən şəxslər daha rahat yuxuya gedə bilirlər. Onu da qeyd edim ki, yataq otağının qaranlıq və səssiz olması keyfiyyətli yuxu üçün çox önəmlidir".
Zəhra Zahidovanın sözlərinə görə, hər gün eyni saatda yatıb-oyanmaq bədənin bioloji saatını nizamlamağa kömək edir:
"Yatmazdan əvvəl telefon və ya telefonla vaxt keçirmək əvəzinə kitab oxuyun. Bu, yuxuya getməyinizi asanlaşdıracaq. Bütün bunları etməyinizə rəğmən, hələ də yuxuya getməkdə çətinlik çəkirsinizsə, psixoloqdan dəstək ala bilərsiniz".
Pərviz