Mikroblarla mübarizədə yeni ümid: Mədəndə kəşf edilən Saarvienin A antibiotiki

SAĞLAMLIQ
21:18 / 22.05.2025
40

Antibiotiklərin həddindən artıq istifadəsi nəticəsində yaranan bakteriya rezistentliyi tibb dünyasını böyük bir böhranın astanasına gətirib. Lakin Çinin dərinliklərində aşkar edilən və rezistent bakteriyalara qarşı effektiv olduğu sübut olunan yeni bir antibiotik - Saarvienin A gələcəyə dair ümidləri yenidən canlandırır.

HİT.az xəbər verir ki, müasir dövrdə antibiotiklərin həddindən artıq və nəzarətsiz istifadəsi mikrobların bu dərmanlara qarşı müqavimət qazanmasına səbəb olub. Artıq bir çox bakteriya, əvvəllər asanlıqla məhv edilə bilərkən, indi antibiotiklərə qarşı müdafiə mexanizmləri inkişaf etdirib. Bu vəziyyət həm müasir tibb, həm də insanlığın gələcəyi üçün ciddi təhlükə yaradır. Dünya mikrobların hələ tanımadığı yeni nəsil antibiotiklərə heç vaxt olmadığı qədər ehtiyac duyur.

Son zamanlar elm dünyasını həyəcanlandıran mühüm bir kəşf baş verdi. Çinin Daxili Monqolustan regionunda dərin bir mədənin içində aşkar edilən yeni bir bakteriya növü, super mikroblara qarşı effektiv ola biləcək tamamilə yeni bir antibiotik istehsal edir. Saarvienin A adlanan bu yeni molekul, antibiotik tədqiqatlarında inqilab edə biləcək potensiala malikdir.

Saarvienin A tibbi baxımdan böyük əhəmiyyət kəsb edən vankomisin kimi birləşmələr istehsal edən Amycolatopsis cinsinə aid fərqli bir bakteriya növü tərəfindən sintez edilib. Bu bakteriya, yer üzündə ən böyük nadir torpaq elementlərinin tapıldığı Obo Mədən Bölgəsində aşkar edilib. Vyana Universiteti və Helmholtz Farmasevtik Araşdırmalar Saarland İnstitutunun alimləri bu mikroorqanizmanı laboratoriya şəraitində yetişdirərək onun təbii birləşmələrini təcrid etdilər.

Aparılan tədqiqatlarda Saarvienin A-nın xüsusilə Qram-müsbət bakteriyalara qarşı güclü təsir göstərdiyi müəyyən edilib. Xüsusilə də müasir dövrdə ciddi təhlükə yaradan və metisilin, vankomisin və daptomisin kimi güclü antibiotiklərə rezistent olan Staphylococcus aureus suşlarına qarşı effektiv olduğu aşkar edilib.

Saarvienin A təkcə effektiv deyil, həm də məlum qlikopeptid antibiotiklərindən quruluş baxımından fərqlənir. Vankomisin kimi antibiotiklər bakteriyaların hüceyrə divarı sintezini müəyyən bir nöqtədən bloklayarkən, Saarvienin A-nın mikrobları məhv etmək üçün fərqli və hələ tam aydın olmayan bir mexanizmə malik olduğu düşünülür. Bu xüsusiyyəti onu gələcəkdə rezistent bakteriyalarla mübarizədə daha da əhəmiyyətli bir silaha çevirə bilər.

Hal-hazırda alimlər bu yeni antibiotikin təsirləri və mümkün yan təsirləri üzərində geniş araşdırmalar aparırlar. Əgər hər şey planlaşdırıldığı kimi getsə, növbəti 5 il ərzində Saarvienin A-dan hazırlanan yeni antibiotiklərin bazarada peyda olması gözlənilir.

Yeni antibiotiklər ümid versə də, rezistentliyin qarşısını almaq üçün bu dərmanları yalnız həkim nəzarətində və zəruri hallarda istifadə etmək lazımdır. Lazımsız antibiotik istifadəsi gələcəkdə sadə infeksiyaların belə ölümcül olmasına səbəb ola bilər. Məsuliyyətli bir cəmiyyət olaraq, antibiotikləri diqqətlə və düzgün şəkildə istifadə etmək həm bizim, həm də gələcək nəsillər üçün həyati əhəmiyyət daşıyır.

Samir
 

0