Çinin Tiangong Kosmik Stansiyasından götürülən nümunələrdə daha əvvəl təyin edilməmiş mikrob növü aşkar edilib. Yeni bakteriya kosmonavtların sağlamlığı və kosmik biologiya baxımından diqqətlə izlənilir.
HİT.az xəbər verir ki, Çinin kosmik tədqiqatları çərçivəsində ən böyük layihələrindən biri olan Tiangong Kosmik Stansiyası yalnız kosmonavtlara deyil, görünür, indiyə qədər məlum olmayan bir mikrob növünə də ev sahibliyi edir. Çinli alimlər stansiyadan götürülən nümunələr üzərində apardıqları tədqiqatlar nəticəsində, daha əvvəl Dünyada qeydə alınmamış yeni bir bakteriya növü kəşf etdilər.
Bu yeni növ, tapıldığı mühitdən ilham alaraq "Niallia tiangongensis" adı ilə ədəbiyyata daxil edilib. Kəşf "Beynəlxalq Sistemli və Təkamül Mikrobiologiyası Jurnalı"nda dərc olunub. Tədqiqatçılar bu mikrobanın təkcə kosmos şəraitində necə sağ qaldığını deyil, həm də kosmonavtların sağlamlığı üçün daşıya biləcəyi potensial riskləri anlamaq istəyirlər.
Bakteriya, Tiangongda vəzifəli Shenzhou-15 kosmonavtları tərəfindən 2023-cü il may ayında həyata keçirilən təcrübə zamanı aşkar edilib. Kosmonavtlar yaşayış sahələrindən nümunələr toplayaraq Yerə göndəriblər. Bu nümunələr üzərində aparılan tədqiqatlar göstərdi ki, bakteriya məlum olan Niallia circulans növünə bənzəyir. Lakin genetik quruluşundakı fərqlər səbəbilə bunun tamamilə yeni bir növ olduğu qənaətinə gəlinib.
Tədqiqatçılar hələlik bu mikrobanın kosmik stansiyada təkamül edib-edilmədiyini və ya Yerdən gətirilərək orbitdə varlığını davam etdirdiyi barədə dəqiq məlumat əldə edə bilməyiblər. Hər iki ssenari də mikroorqanizmlərin kosmosdakı davranışları ilə bağlı yeni suallar yaradır.
Niallia tiangongensis nə qədər davamlıdır?
Yeni kəşf edilən bakteriya sərt kosmik şəraitə qarşı fövqəladə dözümlülük nümayiş etdirir. Jelatin kimi üzvi materialları parçalayaraq azot və karbon əldə edə bilən bu mikrob, özünü xarici təsirlərdən qorumaq üçün "biofilm" adlanan qoruyucu təbəqə yaradır. Bundan əlavə, genetik materialını ətraf mühit stressinə davamlı spor strukturlarında saxlayaraq uzun müddət sağ qala bilir.
Bu xüsusiyyətlər Niallia tiangongensis'i nəinki kosmosda, həm də Yerdə ekstremal şəraitdə yaşaya biləcək potensial mikroorqanizmlər siyahısına daxil edir.
Keçən il Beynəlxalq Kosmik Stansiyada da dərmanlara davamlı və mutasiyaya uğramış bakteriya növü aşkar edilmişdi. Lakin aparılan müqayisələr göstərdi ki, Tiangongda tapılan mikrob həm quruluş, həm də funksional baxımından fərqli xüsusiyyətlərə malikdir.
Təhlükə yaradırmı?
Hələlik Niallia tiangongensis-in insan sağlamlığı üçün birbaşa təhlükə yaradıb-yaratmadığı məlum deyil. Lakin mütəxəssislər kosmik stansiyalarda aşkar edilən mikroorqanizmlərin diqqətlə izlənilməsi lazım olduğu fikrində birləşirlər. Uzunmüddətli kosmik missiyalarda bu cür canlıların necə davrandığını anlamaq, kosmonavtların sağlamlığını qorumaq və kosmik gəmilərin təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Bu kəşf nəinki mikrobiologiya baxımından, həm də gələcəkdə Mars və dərin kosmos missiyalarında qarşılaşıla biləcək bioloji riskləri proqnozlaşdırmaq üçün mühüm addım hesab olunur.
Samir