Səhərlər dişlərinizi səhər yeməyindən əvvəlmi, yoxsa sonra fırçalamalısınız? Alimlər bu mübahisəyə aydınlıq gətiriblər. Diş minasının qorunması, bakteriyalar və düzgün vaxtlama haqqında bilməli olduğunuz hər şey burada.
Hər birimizin gündəlik vərdişlərindən biri olan diş fırçalama ilə bağlı ən çox verilən suallardan biri budur: səhər dişləri yeməkdən əvvəl, yoxsa sonra fırçalamaq lazımdır? Bəziləri günü təmiz ağızla başlamaq üçün əvvəl fırçalamağı üstün tutur, digərləri isə qida qalıqlarını təmizləmək üçün sonra fırçalamağın daha məntiqli olduğunu düşünür. Bəs elmi yanaşma nə deyir?
HİT.az xəbər verir ki, dünya miqyasında diş sağlamlığı sahəsində aparıcı brendlərdən biri olan "Colgate"ə görə, səhərlər dişləri yeməkdən əvvəl fırçalamaq daha effektlidir. Şirkət bildirir: "Portağal suyunu nanəli diş pastası ilə içmək xoş olmaya bilər, amma dişləriniz üçün bu daha faydalıdır".
Gecə boyunca ağızda toplanan bakteriyalar səhər oyananda “səhər nəfəsi” kimi hiss olunur. Səhər yeməyindən əvvəl dişlərin fırçalanması bu bakteriyaların təmizlənməsinə kömək edir. Eyni zamanda, flor tərkibli diş məcunları diş səthində qoruyucu təbəqə yaradır və bu da gün ərzində turşulara qarşı diş minasını müdafiə edir.
"Colgate" həmçinin xəbərdarlıq edir ki, səhər yeməyindən dərhal sonra diş fırçalamaq, düşündüyümüz qədər faydalı olmaya bilər. Xüsusilə portağal, qreyfurt, limon kimi turşulu qidalar qəbul edildikdə diş minası zəifləyir. Bu zaman dərhal fırçalamaq, onsuz da həssaslaşmış minaya zərər verə bilər. Buna görə də, yeməkdən sonra fırçalamağa ehtiyac varsa, ən azı 30-60 dəqiqə gözləmək tövsiyə olunur.
Dişlərin düzgün fırçalanması necə olmalıdır?
* Noğul böyüklüyündə florlu diş məcunu istifadə edin.
* Dişlərinizi qısa və dairəvi hərəkətlərlə, 2 dəqiqə ərzində fırçalayın.
* Dil təmizləyicisi, diş ipi və ya arakəsmə fırçası ilə diş aralarını da təmizləməyi unutmayın.
* Alkoholsuz ağız yaxalayıcı vasitə ilə ağzınızı çalxalayaraq təmizliyi tamamlayın.
Ümumi tövsiyə odur ki, dişlər səhərlər səhər yeməyindən əvvəl fırçalanmalıdır. Ancaq əgər yeməkdən sonra fırçalayacaqsınızsa, diş minasına zərər verməmək üçün bir müddət gözləmək vacibdir. Qısacası, vaxtından asılı olmayaraq, dişləri fırçalamaq – ümumiyyətlə fırçalamamaqdan daha yaxşıdır.
Samir