Gecə, yoxsa səhər duş almaq daha yaxşıdır? - Yeni tədqiqat

SAĞLAMLIQ
18:59 / 27.05.2025
48

Səhər oyanar-oyanmaz duş qəbul etməkmi, yoxsa yatmazdan əvvəl rahatlatıcı bir duş almaqmı daha sağlamdır? Gündəlik vərdişlərimiz arasında sadə görünən bu seçimlə bağlı uzun müddətdir mübahisələr gedir. Amma son tədqiqatlar bu sualın cavabını elmi əsaslarla ortaya qoyur.

HİT.az xəbər verir ki. Birləşmiş Krallığın Lester Universitetinin Klinik Mikrobiologiya Bölməsinin apardığı araşdırmaya əsasən, səhər duşu gigiyena baxımından daha üstün hesab olunur.

Araşdırma göstərir ki, ümumilikdə duş almaq dəri sağlamlığı və şəxsi gigiyena üçün vacib bir vərdişdir. Lakin duşun vaxtı da bu qədər əhəmiyyətlidir. Gün ərzində bədəndə toplanan tərləmə, sebum (dəri yağı), toz, polen və allergenlər bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Axşam duşu ilə bu çirklərin bir hissəsi təmizlənə bilər, lakin gecə boyunca tərləmə davam etdiyindən səhərədək bakteriyaların yenidən artması mümkündür.

Bundan əlavə, yuxu zamanı bədəndən tökülən ölü dəri hüceyrələri toz gənələri üçün ideal qida mənbəyinə çevrilir. Bu vəziyyət xüsusilə allergiyaya meyilli insanlarda burun tutulması, qaşınma və astma kimi simptomları tətikləyə bilər.

Mütəxəssislərə görə, səhər duşu gecə boyunca bədəndə toplanan tər, bakteriya və ölü dəri qalıqlarını təmizləyərək günə daha gigiyenik bir başlanğıc təmin edir. Bu, həm də gün ərzində dəridə xoşagəlməz qoxulara səbəb ola biləcək bakteriyaların yayılmasının qarşısını alır. Səhər duşu bədənin tərli hissələrini təmizlədiyi üçün bakteriyaların nəmli mühitdə yerləşməsi və çoxalması ehtimalını azaldır.

Bundan başqa, səhər qəbul edilən duş psixoloji baxımdan da oyanıqlığı artırır və zehni aydınlıq yaradır. Günə başlamazdan əvvəl qısa bir duş həm fiziki, həm də zehni canlanma effekti verir.

Gecə duşu rahatladıcı təsir göstərsə də, tədqiqatlar göstərir ki, səhər duşu bakteriya nəzarəti və dəri sağlamlığı baxımından daha effektivdir. Bununla belə, bu seçim şəxsi həyat tərzi, iş qrafiki və fərdi ehtiyaclara görə dəyişə bilər.

Ən vacib məqam isə budur: duşun vaxtından asılı olmayaraq, şəxsi gigiyenanı və yataq təmizliyini mütəmadi qorumaq sağlamlıq üçün əsas şərtdir.

Samir

0