Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri populyar yuxugətirici dərman olan lemboreksantın siçan beynini neyrodegenerasiyadan qoruya bildiyini aşkarlayıblar.
HİT.az xəbər verir ki, araşdırma "Nature Neuroscience" jurnalında dərc olunub.
Aparılan preklinik eksperiment zamanı məlum olub ki, bu preparat təkcə heyvanlarda yuxu keyfiyyətini yaxşılaşdırmır, eyni zamanda Altsheymer xəstəliyi və digər neyrodegenerativ pozuntular üçün xarakterik olan beyin zədələnmələrinin qarşısını alır. Xüsusilə, lemboreksant iltihaba və neyronların məhvinə səbəb olan zərərli tau zülal yığınlarının toplanmasını ləngidir.
Lemboreksant verilmiş siçanlarda yaddaşa cavabdeh olan beynin hipokamp bölgəsinin həcmi nəzarət qrupundakı heyvanlarla müqayisədə 30–40% daha böyük olub. Eyni kateqoriyaya daxil olan digər yuxugətirici dərman - zolpidem isə yalnız yuxu müddətini artırıb, lakin beyini zədələrdən qoruya bilməyib.
Alimlərin izahına görə, lemboreksantın təsir mexanizmi yuxu və ayıqlıq dövrlərini tənzimləyən oreksin reseptorlarının bloklanması ilə əlaqəlidir. Məhz bu təsir tau zülalında fosfat izlərinin toplanmasının qarşısını almağa kömək edib.
Fosfat izləri - zülalların fəaliyyətini tənzimləyən birləşmələrdir. Bu proses fosforlaşma adlanır. Həddindən artıq və ya səhv fosforlaşma zamanı tau zülallarına normadan artıq fosfat izləri bağlanır və ya onlar düzgün olmayan yerlərdə yerləşir. Nəticədə zülallar öz formasını itirir və təhlükəli yığınlar əmələ gətirir.
Alimlər əlavə ediblər ki, lemboreksantın güclü müsbət təsiri yalnız erkək siçanlarda müşahidə olunub. Bu fərqin səbəbləri isə hələlik məlum deyil.
Bundan əvvəl də sübut olunmuşdu ki, xroniki yuxu pozuntuları Altsheymer xəstəliyinin inkişaf riskini artırır. İndi isə alimlərin əlində neyrodegenerativ prosesləri, bəlkə də erkən mərhələlərdə belə, ləngidə biləcək yeni potensial vasitə var.
Samir