Dermatoloqdan yayda dərinizə parlaqlıq qatacaq 9 effektiv tövsiyə

SAĞLAMLIQ
15:12 / 30.05.2025
80

Yay aylarında isti hava, tərləmə və ətraf mühitin çirkliliyi dərinin sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən yay aylarında dəriyə qulluq xüsusilə önəmli olur. 

HİT.az xəbər verir ki, dermatoloq Dr. Nalan Kükürt sağlam və parlaq bir dəri üçün asanlıqla tətbiq oluna biləcək 9 faydalı məsləhət təqdim edib:

1. Günəşdən qoruyucu krem olmadan çölə çıxmayın

Yayda dərinin ən böyük düşməni intensiv günəş şüalarıdır. Günəşin zərərli UV şüaları erkən qocalmaya, ləkələnməyə və hətta dəri xərçənginə səbəb ola bilər. Bu səbəblə, çölə çıxmadan 15-20 dəqiqə əvvəl, ən azı SPF 30 olan bir günəş qoruyucu istifadə edilməlidir. Kremi hər 2-3 saatdan bir yeniləmək də vacibdir.

2. Dəri təmizliyini laqeyd yanaşmayın

Tərləmə, makiyaj və çöl şəraiti dəri məsamələrini tıxayaraq qara nöqtə və sızanaqlara yol açır. Buna görə gündə iki dəfə – səhər və axşam – dərini uyğun bir təmizləyici ilə yumaq lazımdır. Alkoqol tərkibli olmayan, nəmləndirici xüsusiyyəti olan məhsullar tövsiyə olunur.

3. Nəmləndirici kremdən istifadə edin

İsti havalarda bir çox insan nəmləndirici istifadə etməyə ara verir, lakin dəri yayda da nəmləndirilməyə ehtiyac duyur. Su əsaslı, yağsız və yüngül teksturalı nəmləndiricilər seçilməlidir. Günəşə məruz qaldıqdan sonra aloe vera tərkibli nəmləndiricilər dərini sakitləşdirir və sərinlik verir.

4. Günəş sonrası qulluğu unutmayın

Uzun müddət günəş altında qalmaq dərini qurudur və qıcıqlandırır. Duşdan sonra nəmləndirici losyonlar və soyuducu jellərdən istifadə dərinin bərpasına kömək edir.

5. Qidalanmanıza diqqət yetirin

Dəri sağlamlığı yalnız xaricdən deyil, daxildən də dəstəklənməlidir. Yayda bol tərəvəz və meyvə istehlak etmək vacibdir. Xüsusilə kök, pomidor, xiyar və qarpız kimi su miqdarı yüksək olan məhsullar dərinin dostudur. Cips, şokolad, qazlı içkilər kimi işlənmiş məhsullardan uzaq durmaq lazımdır.

6. Açıq rəngli və pambıq parçalı geyimlər seçin

Geyim də dəriyə təsir edir. Yayda açıq rəngli, geniş və pambıqlı parçalı geyimlər geyinmək lazımdır. Sintetik parçalar təri əmmədiyindən dəridə qıcıqlanmaya səbəb ola bilər. Eyni zamanda şapka və gün eynəyi həm dəri, həm də göz sağlamlığı üçün faydalıdır.

7. Makiyajı azaldın

Yay aylarında ağır makiyaj dərinin nəfəs almasını çətinləşdirir. Bunun əvəzinə BB krem, rəngli nəmləndirici və ya təkcə günəş qoruyucu istifadə etmək daha uyğundur. Gecələr isə makiyaj mütləq təmizlənməlidir.

8. Bol su için

İsti havalarda tər yolu ilə bədəndən su itkisi artır. Bu, dərinin qurumasına, solğun görünməsinə və elastikliyini itirməsinə səbəb olur. Gündə ən azı 2–2,5 litr su içmək dəriyə nəmlik qazandırır və sağlam görünməsinə kömək edir. Su həmçinin toksinlərin atılmasını sürətləndirərək sızanaqların qarşısını alır.

9. Keyfiyyətli yuxuya diqqət yetirin

Dərinin yenilənməsi yuxu zamanı baş verir. Gündə 7–8 saatlıq yuxu dəri sağlamlığı üçün vacibdir. Eyni zamanda stress hormonlara təsir edərək sızanaq və qızartılara səbəb ola bilər. Stressi azaltmaq üçün gəzinti, meditasiya və sevdiyiniz hobbilərlə məşğul olmaq faydalıdır.

Samir

0