"Koronavirusun pandemiyaya səbəb olmasının əsas səbəbkarı Çin idi".
Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, rəsmi Pekin adıçəkilən virusun bütün dünyaya yayılacağını bilirdi:
"Lakin Çin hökuməti bunu bütün dünyadan gizlətdi. Maraqlıdır ki, koronavirus Çində yayılanda onlar ölkə daxilində şəhərlərarası təyyarə uçuşlarını dayandırdılar. Ancaq beynəlxalq uçuşları davam etdirdilər. Beləliklə, COVID-19-u bütün dünyaya yaydılar".
Ekspert qeyd edib ki, proses koronavirusun pandemiyaya çevrilməsinə gətirib çıxardı:
"Çin hakimiyyətinin bu addımlarından sonra dünyada koronavirusun qarşısını almaq çətin oldu və yoluxma halları kəskin artdı. Nəticədə, belə problem yarandı".
Mütəxəssis diqqətə çatdırıb ki, artıq koronavirusun yenidən pandemiyaya səbəb olma ehtimalı yoxdur:
"Nəzərə almaq lazımdır ki, hansısa xəstəlik bilinəndə heç vaxt dünyaya yayılmır. Sadəcə hansısa ölkə həmin xəstəliyi gizlədəcəyi təqdirdə, pandemiyaya səbəb olur. Lakin koronavirus artıq bilindiyi üçün yeni variantı yaranan kimi onun lokallaşdırmaqla qarşısı alınır. İndiki vəziyyətdə COVID-19-un hər hansısa ştamı qətiyyən yayıla bilməz".
Həkim koronavirusun əvvəlki kimi ölümcül olmadığını da əlavə edib:
"Vaxtında aşkar olunanda və tez zamanda üzərinə düşəndə koronavirusa yoluxma halları arta bilməz. İndi bu virusa sadəcə tək-tük hallarda rast gəlinir. O isə yüngül olduğu üçün tez keçir. Yəni ölümcül hal yaratmır və müalicə ilə qısa zamanda keçib gedir".
Pərviz