Alimlər: Muzeylər gələcək pandemiyalarla mübarizədə mühüm rol oynaya bilər

SAĞLAMLIQ
21:57 / 04.06.2025
67

“BioScience” jurnalında dərc olunmuş yeni elmi araşdırmaya əsasən, dünyanın müxtəlif bölgələrindəki təbii tarix muzeylərində saxlanılan təxminən 3 milyard heyvan və bitki nümunəsi gələcək pandemiyaların qarşısının alınması və onların nəzarət altına alınmasında açar rol oynaya bilər. 

HİT.az xəbər verir ki, bu nəticəyə Miçiqan Universitetinin Zoologiya Muzeyində məməlilər kolleksiyasının rəhbəri Kodi Tompson və onun həmkarları gəliblər.

Tompson bildirib ki, bu kolleksiyalar patogenlərin yayılması, insan və vəhşi təbiət arasında qarşılıqlı əlaqələrin tarixi, həmçinin xəstəliklərin heyvanlardan insanlara keçməsinə səbəb olan ekoloji şərait haqqında unikal məlumatlar ehtiva edir.

"Belə kolleksiyalar zaman kapsuluna bənzəyir. Bizdə yüz illər öncə toplanmış nümunələr var. Bu isə patogenlərin və onların daşıyıcılarının necə yayıldığını və dəyişdiyini izləməyə imkan verir", deyə Tompson vurğulayıb.

Tədqiqat nəticələri zoologiyadan informatika sahəsinə qədər müxtəlif elmi sahələrin mütəxəssislərinin iştirak etdiyi iki seminarın yekununda hazırlanıb. Seminarlarda COVID-19 pandemiyasından alınan dərslər müzakirə olunub. Tədbir iştirakçıları arasında insan, heyvan və ətraf mühit sağlamlığını birləşdirən "OneHealth" (Bir Sağlamlıq) konsepsiyası üzrə mütəxəssislər də yer alıb.

Tədqiqatın digər müəllifi Debora Pol qeyd edib ki, muzeylərlə alimlər, tibb işçiləri və ictimai səhiyyə sahəsində çalışanlar arasında əməkdaşlığın gücləndirilməsi bu gün xüsusilə vacibdir. O, kolleksiyaların rəqəmsallaşdırılması, infrastrukturun yaxşılaşdırılması və kadr hazırlığına sərmayə yatırılmasının zəruriliyini vurğulayıb.

“Məlumatlar yalnız alimlər üçün deyil, həm də yerli səviyyədə sağlamlıq monitorinqi aparanlar üçün asan əldə edilə bilən və aydın olmalıdır. Bu, potensial təhlükələrə daha tez cavab verməyə imkan yaradacaq", deyə Pol əlavə edib.

Alimlər əmindirlər ki, beynəlxalq ictimaiyyətin birgə səyləri yeni xəstəliklərin vaxtında aşkar edilməsini və onların insanlara və qlobal iqtisadiyyata təsirinin azaldılmasını xeyli dərəcədə asanlaşdıra bilər.

Samir
 

0