Zaman insanlar yaşlandıqca niyə daha sürətli keçir?

SAĞLAMLIQ
09:35 / 24.06.2025
43

Yaşımız artdıqca, bir çoxumuz zamanın daha sürətlə axdığını hiss edirik. Uşaq vaxtı sonsuz görünən yay tətili, böyüdükcə sanki göz qırpımında başa çatır. Üstəlik, illər keçdikcə hər yeni il əvvəlkindən daha qısa kimi gəlir.

HİT.az xəbər verir ki, alimlər bu fenomeni izah etmək üçün uzun müddətdir araşdırmalar aparırlar. Qeyd edilən əsas izahlardan biri beynimizin yeni məlumatları necə emal etməsi ilə əlaqəlidir.

1960-cı illərdə psixoloq Robert Ornştayn “Zaman təcrübəsi haqqında” adlı kitabında apardığı təcrübələrlə zaman qavrayışımızın beynimizə daxil olan yeni məlumatın miqdarından asılı olduğunu göstərmişdi. Onun təcrübələrindən birində iştirakçılara maraqlı və qeyri-adi vizual materiallar göstərilmişdi. Nəticədə iştirakçılar daha maraqlı gördükləri şəkillərin daha uzun müddət göstərildiyini zənn etmişdilər – halbuki, bütün görüntülər eyni vaxt ərzində təqdim olunmuşdu. Başqa bir təcrübədə isə daha mürəkkəb səslərdən ibarət audio fayllar sadə səslərlə müqayisədə iştirakçılar tərəfindən daha uzun çəkmiş kimi qiymətləndirilmişdi.

Tədqiqatçılara görə, beynimiz yeni və mürəkkəb məlumatları emal edərkən zaman daha yavaş keçir kimi hiss olunur. Bath Universitetindən riyaziyyatçı və bioloq Dr. Kristian Yeitsin fikrincə, insanlar yaşlandıqca ətraf mühitin detalları ilə daha az maraqlanır və bu da onların beyninə daha az yeni məlumat daxil olması ilə nəticələnir. Nəticədə zaman daha sürətli keçirmiş kimi hiss olunur.

Uşaqlıq dövründə vəziyyət fərqlidir. Uşaqlar daim yeni təcrübələrlə qarşılaşır və beyinləri bu məlumatları anlamaq üçün böyük enerji sərf edir. Məsələn, adi bir qatar səfərində uşaq pəncərədən baxaraq maraqla hər bir görüntünü izləyərkən, böyüklər səfiri adiliklə qəbul edir və demək olar ki, bu zamanı hiss etmirlər. Bu fərq də uşaqların zamanı daha yavaş hiss etməsinə səbəb olur.

Başqa bir nəzəriyyə isə beynin yaşla birlikdə funksiyalarının zəifləməsinə əsaslanır. "Duke" Universitetindən professor Adrian Bejan hesab edir ki, gənc yaşlarda günlər daha uzun görünür, çünki gənc beyin saniyədə daha çox görüntü emal edə bilir. Yaş artdıqca neyronlar arasındakı əlaqələr mürəkkəbləşir, siqnalların ötürülmə sürəti azalır və nəticədə daha az vizual məlumat emal edilir. Bu da zamanın daha sürətli keçməsi hissini yaradır.

Nəhayət, zaman qavrayışımız həyatımızın ümumi uzunluğu ilə də əlaqəli ola bilər. Məsələn, 10 yaşlı bir uşaq üçün bir il həyatının onda birini təşkil edir, 75 yaşlı bir insan üçün isə bir il ömrünün yetmiş beşdə biri qədərdir. Bu nisbət fərqi də yaşlı insanların zamanı daha sürətli keçmiş kimi hiss etmələrinə səbəb olur. Neyrobilim mütəxəssisləri Müirən Ayriş və Kler O’Kallahənə görə, bu halda yaddaş da mühüm rol oynayır. Keçmiş xatirələrin nə dərəcədə canlı olması zaman qavrayışımıza birbaşa təsir göstərir.

Nəticə olaraq, yaşlandıqca zamanın daha sürətli keçdiyini hiss etməyimizin arxasında beynimizin məlumat emal etmə prinsipləri, ətrafımıza göstərdiyimiz diqqət və ömrümüzün nisbətləri kimi bir sıra müxtəlif səbəblər dayanır. Alimlər bu mürəkkəb prosesi daha dərindən anlamaq üçün araşdırmalarını davam etdirirlər.

Samir
 

0