Qarğıdalı bu problemlərə SƏBƏB OLUR

SAĞLAMLIQ
13:06 / 25.06.2025
107

"Digər meyvə-tərəvəzlər və paxlalı bitkilər kimi qarğıdalıda da müəyyən məqamlara diqqət etmək lazımdır". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O, qarğıdalı alarkən nələrə diqqət etməli olduğumuzdan danışıb:

"Qarğıdalının təzəliyini bilmək üçün ilk növbədə onun üzərinə fikir verməliyik. Çünki üzərindəki yarpaq tünd yaşıl rəngdə olmalı və sıx örtülməlidir. Həmçinin, qarğıdalının saçaqları da tünd qəhvəyi rəngli, şirəli və yapışqanlı olmalıdır. Hansı ki, o saçaqlardan müəyyən xalq təbabətində istifadə olunur". 

376440

Onun sözlərinə görə, aşağıdakı halda qarğıdalını almaq tövsiyə olunmur:

"Əgər qarğıdalının örtüyü saralmış, saçaqları da dağınıq və qurumuş olarsa, onu almayın. Çünki bunlar onun köhnəldiyinin işarələridir".

İlkin Şirinov bildirib ki, qarğıdalıdan çox istifadə etmək olmaz:

"Həftədə maksimum 2-3 dəfə qarğıdalı yemək olar. Ancaq bu sayı keçməmək məsləhət görülür. Nəzərə almaq lazımdır ki, qarğıdalı B vitamini ilə zəngindir. Bu, onun xeyirli tərəfidir. Ancaq qarğıdalı karbohidratlarla da zəngindir. Yəni insana enerji və doyumluluq verə bilir".

Ekspert çox qarğıdalı yeməyin fəsadlarından da bəhs edib:

"Qarğıdalıdan çox istifadə şəkər xəstəliyi olanlarda fəsadlar törədə bilər. Eyni zamanda, onu çox yemək mədəsində problem olanlara və allergik xəstəlikdən əziyyət çəkənlərə də ziyandır. Bundan başqa, həddindən artıq qarğıdalı qəbul etmək qəbizlik və köpə də səbəb olur".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, qarğıdalı artıq çəkiyə də səbəb ola bilər:

"Onun tərkibində şəkərin və karbohidratın çox olması buna birbaşa təsir edir. Ona görə də artıq çəkidən əziyyət çəkən insanlar bacardıqları qədər qarğıdalıdan az istifadə etməlidirlər".

Pərviz

0