Deputatdan ailə həkimi təklifi - Mütəxəssis baxışı

SAĞLAMLIQ
22:23 / 26.06.2025
37

“İlkin tibbi-sanitariya yardımı müəssisələrinin zəruri maddi-texniki bazaya malik olmaması və mövcud kadr çatışmazlığı əhalinin əhəmiyyətli hissəsinin tibbi xidmətlərə əlçatanlığını azaldır, keyfiyyətli tibbi xidmətin göstərilməsinə maneə yaradır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva parlamentin iyunun 24-də keçirilən iclasında deyib.

P.Vəliyeva bildirib ki, kadrların yerli ehtiyaclara uyğun paylanmaması, bu sahədə peşəkar kadr hazırlığının uzunmüddətli əsasda planlaşdırılmaması, tibb mütəxəssislərinin müasir bilik və klinik təcrübədən yararlanmaq imkanlarının məhdudluğu əhalinin zəruri tibbi xidmətlərə bərabər əlçatanlığına və mövcud kadr resurslarının iş yükünün optimal paylanmasına mənfi təsir göstərir: “Təklif edirəm ki, baza tibb təhsili ilə kadrlar ailə həkimi kimi fəaliyyət göstərə bilsin, bu ixtisas üzrə ali məktəbə qəbul şərtləri asanlaşdırılsın və stimullaşdırılsın. Səhiyyəmizdə arzuolunan digər məqam isə "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul edilməsidir. Süni mayalanma və digər prosedurlar günümüzün aktuallığı, dövrün tələbi və cəmiyyətimizin reallığı olsa da, bunun həyata keçirilməsinin qanuni bazasının olması da eyni dərəcədə vacibdir. İndi reproduktiv sağlamlıq məsələlərinə yeni baxış yaranıb".

Baza tibb təhsili olan kadrların ailə həkimi kimi fəaliyyət göstərməsi təklifinə mütəxəssislər necə yanaşır?

Qeyd edək ki, bəzi həkimlər bunun riskli olduğunu bildirir. Onlar hesab edirlər ki, ailə həkimi konsepsiyası bir həkimin bütün əsas sahələrdə ilkin diaqnoz, profilaktika və yönləndirmə bacarıqlarına malik olması deməkdir. Bu isə yalnız baza təhsili ilə mümkün deyil. Pasiyentlərin həyatını riskə atmaq olmaz. Bəziləri isə hesab edir ki, ailə həkimi statusunun kimə və necə verilməsi qanunla tənzimlənməlidir. Əgər baza təhsilli kadrların bu sahəyə daxil olması planlaşdırılırsa, mütləq əlavə sertifikasiya, hüquqi məsuliyyət çərçivəsi və nəzarət mexanizmləri hazırlanmalıdır.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ailə həkimliyi baza tibb təhsili üzərindən formalaşır: “Bəzi ölkələrdə, hətta qardaş Türkiyədə də ailə həkimliyi baza tibb təhsili üzərindən başlaya bilir. Ümumiyyətlə, ailə həkimliyi institutu tibb sisteminin çox vacib bir zəncirinin mühüm bir həlqəsini təşkil edir. İlkin pasiyent qəbulu, onların seçilməsi, daha sonrakı yönləndirilməsi və s. kimi məsələlərin hamısı ailə həkimliyinin üzərinə düşür. Əgər bu institut normal şəkildə formalaşarsa, bu zaman ixtisaslaşmış həkimlərə yönələn izafi yük də azalır.

Sadəcə, bu ailə həkimliyi institutunun normal, beynəlxalq standartlara uyğun şəkildə qurulması şərtdir. Əgər biz bu gün ailə həkimliyi deyərkən sadəcə, məsələn, poliklinikada çalışan bir həkimin adını dəyişdirib “ailə həkimi” qoyarıqsa, əlbəttə ki, bu yanaşma ilə problemin mahiyyətini həll edə bilmərik. Amma baza tibb təhsilinin içində ailə həkimliyinə uyğun bir proqramın ayrıca daxil edilməsi mümkündür və bu, olduqca faydalı ola bilər.

İşin ikinci tərəfi isə budur ki, əvvəlki dövrlərdə tətbiq olunan “internatura” kimi bir sistemin yenidən qurulması faydalı ola bilər. Məsələn, baza tibb təhsilinin üzərinə 6 ay və ya 1 il müddətində əlavə, yüngül, lakin spesifik bir təhsil alınaraq ailə həkimliyi üzrə ayrıca diplom əldə edilə bilər. Belə bir yanaşma da tamamilə məntiqlidir. Bu sahədə ayrıca bir tədrisə ehtiyac var. Çünki belə bir tədris olmadan, yalnız baza tibb təhsili özlüyündə ailə həkimliyi üçün yetərli olmayacaq.

Bu yanaşma zəruri olan bir sıra mühüm nüansları da üzə çıxarır. İlk olaraq, pasiyentin qəbulu, çeşidlənməsi prosesi, ailənin davamlı şəkildə müşahidədə saxlanılması, onlarla təmas vərdişləri və ünsiyyət bacarıqları - bütün bunlar ayrıca tədris prosesini tələb edir.

Dünyada ailə həkimliyinin başqa bir mühüm cəhəti də var. Biz ailə həkimini bəzən yalnız terapevt kimi düşünürük, amma əslində bu, belə deyil. Ailə həkimləri çoxşaxəli fəaliyyət göstərən şəxslərdir. Onlar sadəcə terapevt deyil - ilkin kardioloji məsələləri dəyərləndirə bilirlər, yoluxucu xəstəliklər barədə fikir bildirə bilirlər, bəzən isə sadə cərrahi prosedurları - yaraların işlənməsi, tikişlərin qoyulması kimi işləri də həyata keçirə bilirlər. Bu baxımdan ailə həkimliyi olduqca vacib və kompleks bir institutdur".

Həkimin fikrincə, baza tibb təhsili olan şəxslər bu sahəyə uyğundur: “Amma baza tibb təhsilinin daxilində mütləq şəkildə ailə həkimliyinə uyğun ayrıca bir proqramın da yer alması vacibdir - xüsusən bu sahəni seçən tələbələr üçün gələcəkdə zəruri olacaq. İkinci tərəfdən isə bundan sonra əlavə olaraq altı aylıq birlikdə bir ixtisaslaşma təhsili olmalıdır. Və qeyd etmək istərdik ki, artıq mövcud olan altı aylıq təhsil proqramlarında ailə həkimliyinə dair müəyyən elementlər var. Lakin bu sahədə əsas məsələ odur ki, mövcud tədris metodikası müasir dünyanın tələblərinə və yerli ehtiyaclara uyğun şəkildə qurulsun. Yəni bizə məxsus, səmərəli və real ehtiyaclara cavab verən bir ailə həkimliyi modeli formalaşdırılmalıdır ki, bu da nəticə etibarilə effektiv bir institutun yaranmasına gətirib çıxarsın”.

Professor Adil Qeybulla hesab edir ki, ailə həkimi institutu müasir tibbin ayrılmaz tərkib hissəsidir və bu model Qərb ölkələrinin səhiyyə sistemində əsas dayaq nöqtələrindən biridir: “Qərb təbabətini ailə həkimi institutu olmadan düşünmək mümkün deyil. Azərbaycanda da bu istiqamətdə islahatlar artıq başlayıb. İcbari Tibbi Sığortanın tətbiqi və ilkin səhiyyə xidmətlərinə diqqətin artması bunu sübut edir. Ailə həkimliyi modeli formalaşma mərhələsindədir”.

Professor bildirir ki, Azərbaycan Tibb Universitetində ailə həkimliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması artıq başlayıb və bu prosesin yaxın illərdə real nəticələr verəcəyi gözlənilir: “Sovet sistemində bu funksiyanı sahə həkimləri icra edirdi, lakin bu model indiki dövrdə effektivliyini itirib. Müasir ailə həkimi isə daha çevik, daha funksional və xəstəni kompleks şəkildə müşahidə edə bilən mütəxəssis olmalıdır. O, öz sahəsindəki insanların sağlamlıq tarixçəsini bilir və bu da düzgün diaqnoz və vaxtında müdaxilə baxımından ciddi üstünlükdür”.

Professorun fikrincə, ailə həkimliyi Azərbaycanın yaxın dövr üçün perspektivli səhiyyə modeli olacaq və bu sahədə həm nəzəri, həm də praktiki addımlar artıq atılmaqdadır.
 

0