Oreqon Universitetinin alimləri müəyyən ediblər ki, isti su vannası ənənəvi quru və ya infraqırmızı saunalardan daha effektiv şəkildə immun sistemini aktivləşdirir.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "American Journal of Physiology" (AJP) jurnalında dərc olunub.
Təcrübədə 20 gənc və fiziki aktiv könüllü iştirak edib. Onların isti suya qərq olmasından sonra qanlarında sitokinlərin səviyyəsi artıb və immun hüceyrələrinin fəaliyyəti güclənib. Maraqlıdır ki, bu effekt sauna ziyarətindən sonra müşahidə olunmayıb.
Alimlər üç növ istilik terapiyasını müqayisə ediblər:
* quru sauna,
* infraqırmızı sauna,
* isti su vannası.
Məlum olub ki, bədən temperaturunun ən çox artmasına səbəb olan üsul məhz isti vannadır. Bu da öz növbəsində bir sıra müsbət fizioloji reaksiyaları işə salır: qan dövranının yaxşılaşması, arterial təzyiqin enməsi və immun sisteminin stimullaşması.
Tədqiqatçılar qeyd edirlər ki, suda bədən daha gec soyuyur, çünki tərləmə və istiliyin buxarlanması daha ləng gedir, bu da daha güclü istilik stressi yaradır. Bu baxımdan isti vanna orqanizm üçün bir növ fiziki məşq effekti yaradır – xüsusən də fiziki fəaliyyətlə mütəmadi məşğul ola bilməyən insanlar üçün.
Alimlərin fikrincə, müntəzəm və ölçülü isti vanna seansları həmçinin damar sistemini möhkəmləndirə, bədəndə iltihabı azalda və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdıra bilər.
Samir