Karbohidratlardan imtina edərək əsasən heyvan mənşəli məhsullarla qidalanmağa əsaslanan ketogen pəhriz və ya "yırtıcı pəhriz", gənc yaşda ürək tutması (infarkt) riskini artıra bilər.
HİT.az xəbər verir ki, bu barədə ABŞ-ın Tennessi ştatında fəaliyyət göstərən ürək-damar cərrahı doktor Dmitri Yaranov "Daily Mail" nəşrinə danışıb.
Ketogen pəhrizin əsas xüsusiyyəti bədənin enerji mənbəyi kimi ketonlardan istifadə etməsidir. Ketonlar – karbohidratlar ciddi şəkildə azaldıqda, yəni meyvə, tərəvəz, taxıl, çörək və şirniyyatlardan imtina edilərək ət, yumurta və kərə yağına üstünlük verildikdə yaranır.
Bəzi araşdırmalar göstərib ki, ketogen pəhriz aclıq hissi olmadan arıqlamağa kömək edə bilər. Lakin doktor Yaranov xəbərdarlıq edir ki, bu qidalanma tərzinin ciddi mənfi tərəfləri də var.
“Yüksək zülallı bu pəhriz 35 yaşlı sağlam görünən insanlarda belə infarkta səbəb ola bilər”, deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, bu cür ekstremal qidalanma rejimi uzun müddət davam etdikdə xolesterin səviyyəsinin kəskin artmasına, damarların zədələnməsinə, xroniki iltihaba və damarların daralmasına gətirib çıxarır. Bütün bunlar isə infarkt və insultun əsas səbəbləri hesab olunur.
Yaranov əlavə edib ki, qırmızı ət, pendir və kərə yağı kimi heyvan mənşəli məhsullar çoxlu doymuş yağ ehtiva edir. Bu yağların həddən artıq qəbulu damarlarda lövhələrin (aterosklerotik yığıntıların) yaranmasına səbəb ola bilər.
Samir