Son illərdə xüsusilə yeniyetmələr arasında artan anoreksiya nervoza hallarına diqqət çəkən mütəxəssislər bu xəstəliyin yalnız arıqlama ilə məhdudlaşmadığını, ciddi psixoloji və fiziki nəticələr doğura biləcəyini vurğulayırlar. Bəs bu xəstəliyi hansı amillər tətikləyir?
HİT.az-ın məlumatına görə, psixiatriya üzrə mütəxəssis Dr. Zəkəriyyə Bahçe bildirir ki, anoreksiya nervoza yalnız çəki itkisi və ya yemək vərdişlərindəki dəyişikliklər deyil, həyat üçün təhlükəli ola biləcək dərəcədə ciddi bir ruhi və fiziki xəstəlikdir.
Xəstəliyin ən çox yeniyetmə dövründəki qızlarda görüldüyünü qeyd edən Dr. Bahçe deyib: "Cəmiyyətdə gözəllik anlayışının arıq bədənlə eyniləşdirilməsi, sosial mediada filtrli fotoların reallıq duyğusunu təhrif etməsi və mükəmməllikçi xarakter xüsusiyyətləri anoreksiyanın inkişafında mühüm rol oynayır".
Anoreksiya nervoza zamanı insanın çəkisi normadan xeyli az olsa belə, özünü hələ də kök hiss etdiyini və çəki alma qorxusu yaşadığını deyən Dr. Bahçe bu vəziyyətin zamanla kalori qəbulunun azaldılmasına, həddindən artıq idmana və hətta qusma və ya işlədici dərmanlardan istifadəyə səbəb ola biləcəyini vurğulayıb:
"Hastalarda iştahsızlıqdan çox, yemək, pəhriz və kalori məsələləri ilə həddən artıq məşğul olma müşahidə olunur. Yalnız yemək yemə, boşqabda yeməkləri simmetrik şəkildə düzülmək, çox kiçik lokmalarla uzun müddət oyalanmaq kimi obsesiv davranışlar diqqət çəkir".
Onun sözlərinə görə, anoreksiya zamanla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:
"Menstruasiya pozuntuları, saç tökülməsi, sümük əriməsi, ürək ritmində pozuntular və böyrək çatışmazlığı kimi ağırlaşmalar yarana bilər. Bu simptomlara depressiya, narahatlıq pozuntuları, sosial təcrid və intihar düşüncələri də əlavə oluna bilər. Xəstəliyin diaqnozu geniş psixiatrik qiymətləndirmə və fiziki müayinə ilə qoyulur. Müalicə isə psixiatr, psixoloq, diyetoloq və zərurət olduqda digər tibbi ixtisas sahiblərindən ibarət komanda tərəfindən çoxistiqamətli şəkildə həyata keçirilməlidir. Bəzi hallarda xəstəxana şəraitində müalicə də tələb oluna bilər".
Dr. Bahçe erkən mərhələdə müəyyən edilən anoreksiya nervozanın düzgün psixoterapiya və qidalanma proqramı ilə müalicə oluna biləcəyini bildirərək qeyd edib:
"Lakin xəstə bu vəziyyəti tez-tez inkar etdiyi üçün ailənin və yaxın ətrafın müşahidələri çox önəmlidir. Əgər çəki ilə bağlı obsessiya, sürətli arıqlama, sosial uzaqlaşma və yemək davranışlarında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunursa, mütləq bir mütəxəssisə müraciət edilməlidir. Anoreksiya nervoza vaxtında müdaxilə olunmadıqda, həyat keyfiyyətini ciddi şəkildə azalda və ölümə səbəb ola bilər. Bu səbəbdən gənclərin xarici görünüşdən daha çox ruhi sağlamlıqlarına yönəlməsi və ailələrin bu mərhələdə dəstəkləyici mövqe tutması olduqca vacibdir".
Samir