Norveçin Təbiət və Texniki Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yeniyetmə dövründə tənhalıq və zəif psixoloji dayanıqlığın birləşməsi gələcəkdə narahatlıq və depressiya riskini əhəmiyyətli dərəcədə artırır.
HİT.az xəbər verir ki, bu barədə elmi məqalə "Social Psychiatry and Psychiatric Epidemiology" (SPPE) jurnalında dərc olunub.
Psixoloji dayanıqlıq insanın çətinliklər və emosional yüklənmələrlə mübarizə aparmaq qabiliyyətidir. Yeniyetmələrdə bu dayanıqlıq aşağı olduqda, onlar stress vəziyyətlərinə daha çətin uyğunlaşırlar və tənhalıq vəziyyəti vəziyyəti daha da ağırlaşdırır.
Tədqiqatın müəllifi, Norveç Universitetinin İctimai səhiyyə və tibb bacılığı kafedrasının doktorantı Nayan Dipak Parlikar bildirib:
“Biz tənhalığın yeniyetməlik dövründə — təkbaşına və zəif psixoloji dayanıqlıqla birlikdə — yetkinlik yaşında psixi sağlamlığa necə təsir etdiyini təhlil etdik”.
Araşdırmanın nəticələri göstərib ki, həm tənhalıq, həm də zəif stressə dözümlülük yaşayan yeniyetmələr xüsusilə həssas qrup hesab olunurlar. Yalnız bir faktorla üzləşən yeniyetmələrlə müqayisədə, bu iki amili eyni anda yaşayanların depressiya və narahatlıq pozuntularına tutulma riski əhəmiyyətli dərəcədə yüksəkdir.
Parlikar əlavə edib: “Məlumatlarımız göstərir ki, belə yeniyetmələrin erkən mərhələdə müəyyən edilməsi və onlara tez müdaxilə olunması son dərəcə vacibdir”.
Alimlər profilaktika məqsədilə məktəblərdə sosial bacarıqların və psixoloji dayanıqlığın inkişafına yönəlmiş proqramların tətbiq olunmasını təklif edirlər. Bundan əlavə, yeniyetmələrə uyğunlaşdırılmış koqnitiv-davranış terapiyası kimi psixoterapevtik yanaşmalar da tövsiyə olunur.
Samir