Qaraciyər xəstəliklərini əməliyyatsız müalicə etmək olacaq

SAĞLAMLIQ
16:50 / 11.07.2025
54

Böyük Britaniyanın Birmingem Universitetinin tədqiqatçıları, qaraciyər xəstəliklərinin müalicəsi üçün yeni və ümidverici yanaşma təqdim ediblər. Onlar orqan transplantasiyasına alternativ olaraq, hüceyrə terapiyasının effektivliyini artırmaq üçün təbii şəkərlərdən hazırlanmış “yapışqan” örtükdən istifadə təklif edirlər. 

HİT.az xəbər verir ki, tədqiqat "Communications Biology" (ComBio) jurnalında dərc olunub.

Qaraciyər progenitor hüceyrələri (yəni qaraciyər hüceyrələrinə çevrilə bilən ilkin hüceyrələr) orqanı bərpa etmək gücünə malikdir, lakin indiyədək bu hüceyrələrin orqan toxumasına zəif yapışması onların istifadəsini məhdudlaşdırırdı. Alimlər bu problemi hüceyrələri hialuron turşusu və ya alqinat kimi polisaxaridlərlə örtməklə həll ediblər. Bu örtük hüceyrələri zədələmədən onların funksiyalarını qoruyur: hüceyrələr tam funksional qaraciyər hüceyrələrinə çevrilə və zülal sintezi kimi əsas vəzifələri yerinə yetirə bilir.

Tədqiqat göstərib ki, bu cür örtülmüş hüceyrələr qaraciyər mikrotoxumalarına və damarların iç səthini örtən endotel hüceyrələrinə daha yaxşı yapışır. Üstəlik, örtük hüceyrələrin mühitlə əlaqəsini təmin edən inteqrin adlı zülalların sintezini də stimullaşdırır. Bu örtük müvəqqətidir və hüceyrələr uğurla yerləşdikdən sonra orqanizmdə tədricən yox olur.

Tədqiqatın rəhbəri, doktor Mariya Kiara Arno bildirir: "Hazırda ağır qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yeganə çıxış yolu orqan köçürülməsidir. Lakin donor çatışmazlığı ciddi problemdir. Bizim texnologiyamız bu problemin daha əlçatan və az invaziv alternativi ola bilər".

Tədqiqat qrupu bu texnologiyanın immun sisteminə təsirini də araşdırmağı planlaşdırır və onu başqa orqan və hüceyrə növlərinə tətbiq etmə imkanlarını dəyərləndirir. Beləliklə, bu metod yalnız qaraciyər üçün deyil, digər orqanların da hüceyrə terapiyası sahəsində dönüş nöqtəsi ola bilər.

Samir
 

0