Çimərliyə gedənlər hansı xəstəliklərə yoluxurlar? - Həkim AÇIQLADI

SAĞLAMLIQ
13:15 / 15.07.2025
74

Havaların isinməsi ilə birlikdə insanlar çimərliklərə axın etməyə başlayıblar. 

Xüsusən həftəsonları xeyli insanın çimərliklərə getməsi müşahidə olunur. Lakin orada bir çox xəstəliklərə yoluxma ehtimalı da kifayət qədər yüksəkdir. 

Bəs həmin xəstəliklər hansılardır? Çimərlikdə insanlar ən çox hansı xəstəliklərə yoluxurlar?

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, çimərliklərdə günvurma halları çox olur:

377809

"İnsanlar çimərliyin qaydalarından, günəş şüalarının bədənlərinə təsirindən, istiliyin və suyun temperaturunun müəyyən səviyyəsindən düzgün istifadə etməyi bacarmayanda müxtəlif xəstəliklərə yoluxa bilirlər. Belə ki, ən çox rast gəlinən günvurmasıdır. Çimərlikdə həddindən artıq isti olması nəticəsində günvurma olma ehtimalı kifayət qədər yüksəkdir".

Ekspert qeyd edib ki, belə şəxslərə dərhal tibbi yardım göstərilməlidir:

"Məsələn, kimsə dənizə girir, başı qarışır, üzə bilmədiyi üçün ancaq suyun içərisində ora-bura gəzir. Beləliklə, ayaqları sərin olur, amma günəş onun uzun müddət başına vurur. Nəticədə, həmin şəxs bir müddət sonra özünü pis hiss edir. Bu halda o insana mütləq tibbi yardım göstərmək lazımdır". 

Həkim çimərliklərdə keçən digər xəstəliklər barədə də danışıb:

"Normadan artıq günün altında qalanda dəridə yanıqlar əmələ gəlir. Hətta çox insanda birinci dərəcəli, bəzilərində isə ikinci dərəcəli yanıqlar yaranır. Çimərlikdə çox rast gəlinən problemlərdən biri də budur.

Bundan başqa, çimərkən ağıza suyun getməsi nəticəsində dəniz yosunları və ya onların üzərində olan molyusklar insanların mədə-bağırsaq sisteminə gedərək orada xəstəlik yarada bilir. Həmçinin, yosunların üzərində elə xırda mikroorqanizmlər olur ki, hətta insanı bir günün içində öldürə də bilir. Yəni çimərliklərdə insan bədəninə daxil olan çirkli sular və mikroorqanizmlər müəyyən xəstəliklər yaradır".

Pərviz

0