Qastroenteroloq daha tez-tez yeməyi tövsiyə etdiyi meyvəni açıqladı

SAĞLAMLIQ
20:29 / 16.07.2025
64

Bağırsağın sağlamlığı beyin və ürək sağlamlığı, həmçinin immunitetlə bağlıdır. 

HİT.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, bağırsağın sağlamlığını qidada meyvələrin artırılması ilə dəstəkləmək olar.

Meyvələr bağırsaq üçün niyə faydalıdır?

Manhetten Qastroenterologiya Mərkəzindən qastroenteroloq Erik Yun müxtəlif faydalı bakteriyaların artması üçün meyvə və tərəvəz yeməyi tövsiyə edir. Qidalanma terapiyası üzrə ekspert Tszin Lin isə qeyd edir ki, bağırsağın sağlamlığını dəstəkləmək üçün müxtəlif rəngli meyvələrin gündəlik qəbulu vacibdir:

"Hər rəng adətən müxtəlif qida lifləri və maddələri təmsil edir. Məsələn, giləmeyvələr antioksidantlarla, bananlar isə faydalı bakteriyaları qidalandıran prebiotik liflərlə zəngindir".

"Super meyvə" mövcud deyil

Lin qeyd edir ki, müxtəlif meyvələr unikal lif növləri və bitki birləşmələri daşıyır: "Bağırsağın sağlamlığı üçün tək bir 'super meyvə' yoxdur - müxtəliflik onun inkişafının açarıdır".

Hər iki mütəxəssisin vurğuladığı iki əsas komponent var: liflər və antioksidantlar. Liflər faydalı bakteriyaların artımını stimullaşdırır, qəbizliyin qarşısını alır. Antioksidantlar isə oksidativ stressi azaldır və iltihab proseslərinə qarşı mübarizə aparır.

Meyvələri necə yemək lazımdır?

Lin meyvələrin bağırsaq sağlamlığı üçün şirə yerinə tam halda və ya smuzi şəklində qəbul edilməsini tövsiyə edir, çünki meyvə şirələrində liflər itir.

Qastroenteroloq hansı meyvəni tövsiyə edir?

Yun insanların az yediyi, lakin bağırsaq üçün faydalı bir meyvəni vurğulayır - kivi:

"Kivi həm həll olunan, həm də həll olunmayan liflər ehtiva etdiyindən qəbizliyi aradan qaldırır və bağırsaq fəaliyyətini yaxşılaşdırır".

Həll olunan lif qan şəkəri və xolesterin səviyyəsini tənzimləyir. Həll olunmayan lif isə nəcisin həcmini artırır. Hər ikisi sağlam bağırsaq fəaliyyəti üçün vacibdir.

Yun qeyd edir ki, kividəki təbii ferment "aktinidin" zülalların parçalanmasını yaxşılaşdırır. Bu ferment papağa, ananas, banan, manqo və əncirdə də mövcuddur.

Samir
 

0