Böyük Britaniyada yaşayan Reyçel Bredford adlı qadın nadir bir xəstəlik səbəbilə bədənində “yanmaqda olduğu” hissini yaşadığını bildirib. Hamiləlik dövründə dərisində yaranan səpkiləri əvvəlcə adi hormonal dəyişiklik kimi qəbul edən qadının vəziyyəti bir neçə həftə içində ağırlaşıb: dözülməz ağrılar və hərəkət məhdudiyyətləri səbəbilə doğuşdan az əvvəl işini tərk etmək məcburiyyətində qalıb. Dərisində nəzarətsiz spazmlar və su toplayan qabarcıqlar əmələ gəlib.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
"Bütün bədənim sanki daim alov içindədir. Özümü diri-diri yanırmış kimi hiss edirəm", deyə Reyçel açıqlamasında bildirib.
Əvvəlcə ona müraciət etdiyi həkimlər bu əlamətləri hamiləliklə əlaqələndirərək ciddi narahatlıq görməyiblər. Lakin doğuşdan sonra ağrılar daha da güclənib və Reyçel doğumdan qısa müddət sonra depressiyaya düşüb. Yalnız təxminən bir il sonra xəstəliyin dəqiq diaqnozu qoyulub.
2025-ci ildə həkimlər ona iki nadir xəstəlik diaqnozu qoyublar: eritromelalgiya və xroniki regional ağrı sindromu (XRAS). Bu xəstəliklər dəridə yanma, qızartı və istilik hissi ilə müşayiət olunur. Tibbi araşdırmalara görə, bu simptomlar qan damarlarının funksiyalarındakı pozuntularla əlaqədardır: damarlar bəzən ani şəkildə daralaraq dərinin ölgün və bənövşəyi görünməsinə, bəzən isə genişlənərək qızartı və qabarcıqlara səbəb olur.
Əlamətlər yalnız bu qədər deyil. Reyçel eyni zamanda əzələ spazmları, oynaq ağrıları, şüur bulanıqlığı və ətraflarda hissiyat itkisi ilə də mübarizə aparır.
“Bu xəstəlik məndən hər şeyi aldı. Hamiləliyimi, ana kimi təcrübəmi, işimi, hərəkət azadlığımı və müstəqilliyimi – oğlumla oynamaq imkanım belə yoxdur”, deyə o bildirir.
Xəstəliyin alovlanma dövrləri bir neçə dəqiqədən bir neçə günə qədər davam edə bilir və bu zaman dəridə göyərmələr müşahidə olunur. Hazırda effektiv müalicə üsulu olmadığı üçün Reyçel və həyat yoldaşı alternativ yollara əl atıblar – İtaliyada tətbiq edilən və xroniki ağrıların müalicəsində istifadə olunan qeyri-invaziv skrembler terapiyasını sınamaq qərarına gəliblər.
Müalicə aldığı xəstəxana isə göstərilən tibbi xidmətin qeyri-kafi olduğunu etiraf edərək rəsmi şəkildə üzr istəyib və Reyçelə şikayət ərizəsi təqdim etməyi tövsiyə edib. Tibb müəssisəsinin sözçüsü bildirib:
“Biz pasiyentlərimizə təhlükəsiz, yüksək keyfiyyətli və mərhəmətli tibbi xidmət göstərmək üçün çalışırıq. Təəssüf ki, xanım Bredforda göstərilən yardım bu meyarlara cavab verməyib”.
Samir