"Koronavirus əvvəl olduğu kimi indi də mövcuddur".
Bu sözləri infeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hələ də dünyada olduğu kimi Azərbaycanda da koronavirusa yoluxma halları qeydə alınır:
"Sadəcə olaraq əvvəllər bu virus pandemiyaya çevrildiyi üçün onun statistikasını aparırdıq və gündəlik yoluxmaların sayına baxırdıq. Çünki ölümcül hallara gətirib çıxarırdı.
Lakin vaksinasiya ilə bərabər bunun qarşısını aldıq və pandemiya dönəmindən çıxdıq. Amma bu o demək deyil ki, biz bu virusu tamamilə dünyadan sildik".
Həkim qeyd edib ki, koronavirus hələ də var və yeni mutasiyaları əmələ gəlir:
"Yenə də sözügedən virusa yoluxmalar olur. Təbii ki, gigiyenik qaydalara əməl etsək, yoluxmanın qarşısını almaq mümkündür. Həmçinin, maska taxmaqla da özümüzü qoruya bilərik.
Əlbəttə ki, bu, hamıya şamil olunmur, sadəcə koronavirus simptomları müşahidə olunan şəxslərə aiddir. Nəzərə almaq lazımdır ki, hələ də COVID-19 testləri mövcuddur. Koronavirusa yoluxduğunu düşünən şəxslər həmin testlər vasitəsilə yoxlaya bilərlər".
Ləman Qalimova zaman-zaman koronavirusla bağlı müraciətlərin olduğunu söyləyib:
"Müraciətlərin sayı pandemiya dönəmində olduğu kimi deyil. Yoluxma sayı da o qədər sürətlə getmir. Ancaq hər zaman olduğu kimi bu virus yenə də var və yoluxmalar da mümkündür. Ona görə də bəzən yoluxmalarla bağlı müraciət edənlər olur".
Pərviz