Mədə xərçəngi hallarında son illər artım müşahidə olunur. Mütəxəssislər bu xəstəliklə bağlı vacib xəbərdarlıqlar edir. Bəs mədə xərçəngini nələr tətikləyir? Bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır? Mədə xərçəngi ilə bağlı bütün ətraflı məlumat aşağıdadır.
HİT.az "CNN-Türk"ə istinadən xəbər verir ki, ümumi cərrahiyyə üzrə mütəxəssis professor Serdar Yol kişilərdə, "A" qan qrupuna sahib olanlarda, siqaret çəkənlərdə və artıq çəkidən əziyyət çəkən şəxslərdə mədə xərçənginin daha çox müşahidə edildiyini bildirib.
O, bu xəstəliyin son dövrlərdə artdığını və heç bir əlamət vermədən irəliləyə biləcəyini vurğulayıb. Professor Yol qeyd edib ki, mədə xərçəngindən qorunmaq üçün hər gün həddindən artıq duzlu, duza qoyulmuş məhsulların qəbulu məsləhət görülmür.
Mədə xərçəngi dünya üzrə ağciyər xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng növüdür. Professor Serdar Yolun sözlərinə görə, bu xəstəlik ölkəmizdə kişilərdə rast gəlinən xərçəng növlərinin 7,4 faizini, qadınlarda isə 6 faizini təşkil edir və bu göstəricilər artmaqdadır. O bildirib ki, kişilərdə, "A" qan qrupuna malik şəxslərdə, siqaret çəkənlərdə və kök insanlarda risk daha yüksəkdir. Bununla yanaşı, xəstəlik müxtəlif səbəblərlə də inkişaf edə bilər. Bu səbəblərə aşağıdakılar daxildir:
* Mədədə həzm pozğunluğu, köp və yara yaradan "Helicobacter pylori" bakteriyasının müalicəsinin laqeyd qalması
* Keçmişdə mədə sinirlərinin kəsilməsi səbəbindən uzun müddət mədə turşusunun ifraz olunmaması
* Tütsülənmiş qidalar (bu səbəblə Yaponiyada mədə xərçənginə daha çox rast gəlinir)
* Genetik meyillilik
* Qastrit və B12 vitamini çatışmazlığı
* Mədə poliplərinin olması
Professor Serdar Yol qeyd edir ki, mədə xərçəngi bəzən heç bir əlamət vermədən səssiz şəkildə irəliləyə bilər. Əlamətlər gec mərhələdə ortaya çıxdıqda, cərrahi müdaxilə imkanı əldən çıxa bilər. Erkən əlamətlərə isə qarnın yuxarı hissəsində şişkinlik, ağrı, tez doyma, iştahsızlıq, ürəkbulanma, qusma, sürətli çəki itkisi, qanazlığı (anemiya) və nəcisdə gizli qan testinin pozitiv çıxması daxildir. Lakin bu əlamətlərin gündəlik həyatda tez-tez rast gəlinməsi, həkimə müraciətin gecikməsinə səbəb ola bilər. Erkən diaqnoz cərrahi müdaxilə baxımından üstünlük yaradır. Xəstəlik gec mərhələdə aşkarlanarsa, digər orqanlara yayılma riski müalicə şansını azaldır. Belə hallarda əməliyyatdan öncə kimyaterapiya tətbiq olunur və xəstəliyin geriləməsi müşahidə edilir. Əgər əməliyyat imkanı yoxdursa, yalnız xəstəyə rahatlıq gətirəcək "palyativ" üsullar tətbiq olunur. Bu üsul xəstəliyi tam müalicə etməsə də, xəstənin qidalanma rejimini davam etdirməsinə kömək edir.
Cərrahi müalicə zamanı mədənin böyük bir hissəsi və ya tamamı çıxarıla bilər. Professor Serdar Yol bildirir ki, belə əməliyyatdan sonra pasiyentə tez-tez, az miqdarda yemək və qidaları yaxşı çeynəyərək udmaq tövsiyə olunur. O qeyd edib ki, əməliyyatdan sonra "Artıq sağaldım" düşüncəsinə qapılmaq olmaz, müntəzəm nəzarətə davam etmək lazımdır. Erkən mərhələdə diaqnoz və müalicə ilə 5 illik sağ qalma faizi 90–100 arası olduğu halda, gec mərhələdə bu göstərici 15–25 faizə qədər enir. Həddindən artıq duzlu və duza qoyulmuş məhsullardan uzaq durmaq, közlənmiş qidaları məhdudlaşdırmaq, bol miqdarda təzə tərəvəz qəbulu, müntəzəm fiziki fəaliyyət və ideal çəkinin qorunması müalicənin uğur şansını artıran əsas faktorlardır.
Samir