"Şirniyyat məsələsi hər zaman gündəmdə olan problemli məsələlərdən biridir".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, şirniyyat alarkən bəzi məsələlərə diqqət yetirmək lazımdır:
"Mağazadan şirniyyatlar satın alarkən diqqətli olmaq lazımdır. Birinci növbədə onun yararlılıq müddətinin üzərində qeyd olunmasına baxmalıyıq. Bu, mütləq şəkildə üzərində göstərilməlidir.
İkinci məsələ isə şirniyyatın paketlənməsi ilə bağlıdır. Ona da fikir verilməlidir. Paketdə hər hansı bir zədə, cızıq və ya ləkə olmamalıdır. Paketlənmənin, eləcə də qablaşdırmanın məhsula uyğun, təmiz və təhlükəsiz formada olması mütləqdir".
Ekspert qeyd edib ki, şirniyyatın tərkibi də çox mühümdür:
"Məhsulun tərkibi həmin qablaşdırmanın və ya paketlənmənin üzərində aydın şəkildə qeyd olunmalıdır. Saxlama şəraiti, tərkibində istifadə olunan ədviyyatlar, qatqılar, qida əlavələri şirniyyatın üzərində yazılmalıdır. Yəni alıcı bu məhsulun kimlərə zərərli ola biləcəyini də öncədən bilməlidir".
İlkin Şirinov onu da diqqətə çatdırıb, bəzi şirniyyatlarda keyfiyyətsiz yağlardan istifadə olunur:
"Ən əsas məsələlərdən biri də şirniyyatlarda keyfiyyətsiz yağların istifadəsidir. Bu gün bir çox şirniyyat sexlərində maya dəyərini azaltmaq məqsədilə palma, soya və digər ucuz bitki yağlarından istifadə olunur. Bu isə insan sağlamlığına çox ciddi zərər verir. Belə yağlar ürək-damar sisteminə təsir edir və müxtəlif xroniki xəstəliklərin yaranmasına səbəb olur".
Pərviz