"Bəzi hallarda açıq havada kolbasa və sosiska satışlarının həyata keçirildiyini görürük".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, qanunların kobud şəkildə pozulmasıdır:
"Əslində, açıq havada kolbasa, sosiska, ət və ət mənşəli məhsulların satışını həyata keçirmək qanunla qadağandır. Xüsusilə, isti yay aylarında bunu etməyə icazə verilmir. Bundan başqa, soyuducu olmayan yerdə də belə satışların həyata keçirilməsi yolverilməzdir".
Ekspert qeyd edib ki, belə satışları həyata keçirən şəxslər məsuliyyət daşıyırlar:
"Ancaq onlar, məsuliyyətlərini dərk etməyərək insanların sağlamlığını təhlükə altına atırlar. Hesab edirəm ki, belə insanlar üçün xüsusi cərimə metodu tətbiq olunmalıdır. Hətta açıq havada kolbasa və sosiska kimi məhsulların satılıb-satılmadığını yoxlamaq üçün xüsusi reydlər təşkil olunmalıdır. Ümumiyyətlə, Günəş şüası altında soyuducuda olmadan satılan məsullara görə bu insanları xüsusi məsuliyyətə cəlb etmək lazımdır".
Mütəxəssis açıq havada satılan kolbasa və sosiskaların insan sağlamına zərərlərindən də danışıb:
"Belə kolbasa və sosiskalar bağırsaqlarda infeksiyalara, mədə pozuntularına və qida zəhərlənmələrinə səbəb ola bilər. Ümumiyyətlə, alıcılar özləri də diqqətli olmalıdırlar. 4, 5 və ya 7 manata təklif olunan kolbasa və sosiskaların hansı xeyrindən söhbət gedə bilər? Bunlar qida mənbəyi və yaxud qida enerjisi ola bilməz. Ona görə də əsas məsuliyyət həm də alıcıların üzərinə düşür".
İlkin Şirinov vurğulayıb ki, alıcılar mütləq şəkildə aldıqları məhsulların satış yerinə fikir verməlidirlər:
"Üzərində heç bir etiket məlumatları və markası olmayan məhsulları almayın. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ümumiyyətlə qadağandır. "Qida təhlükəsizliyi haqqında" Qanun bunu deyir. Üstəlik, bu barədə dəfələrlə vətəndaşlara məlumat verilib, videoçarxlar nümayiş olunub.
Ancaq əfsuslar olsun ki, hələ də bəzi işbazlar insanların sağlamlığını nəzərə almadan bu cür məhsulların satışını təşkil edirlər. Bu isə qida zəhərlənmələri ilə müşahidə olunur".
Pərviz