Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı insanların sağlamlıqla bağlı davranışlarını da köklü şəkildə dəyişib. Xüsusilə internetin sərhədsiz olması bu sahədə vəziyyəti dəyişdirib.
Son zamanlar insanlar səhhətində olan problemi həkimə demək əvəzinə internetdə çarə axtarır, ChapGTP-dən fikir soruşur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, insanlar bu resurslardan istifadə edərək, öz sağlamlıqlarını daha təbii yollarla qorumağa çalışırlar. Hətta bir çox insan təcrübəsini paylaşaraq, digərlərinə də kömək edir və bu real təcrübələr cəmiyyətdə alternativ müalicə yollarına marağı daha da artırır:
"İnsanlar internetdə müxtəlif xəstəliklər, onların simptomları, müalicə üsulları və profilaktik tədbirlər haqqında kifayət qədər informasiya tapa bilirlər. Bunun əsas səbəblərindən biri də maddi çətinliklərdir. Bəzi insanlar həkimə müraciət edə bilmir, çünki, ödənişli tibbi xidmətlər onların büdcəsinə uyğun deyil. Bu səbəbdən də insanlar ilkin mərhələdə öz diaqnozlarını müəyyənləşdirmək və vəziyyəti dəyərləndirmək üçün internet resurslarına müraciət edirlər. Lakin qeyd etmək lazımdır ki, bu hər zaman düzgün yanaşma olmaya bilər. Unutmaq lazım deyil ki, xəstəliyin dəqiq diaqnostikası yalnız peşəkar həkim tərəfindən və birbaşa kontaktla aparıla bilər".
Sevinc