Məşhur “Ozempic” dərmanı təkcə arıqlamağa deyil, həm də yaşlanmanı ləngitməyə kömək edir.
HİT.az xəbər verir ki, alimlər bu qənaətə ABŞ-da aparılan araşdırma nəticəsində gəliblər.
“BILD” nəşrinin məlumatına görə, dərmanın tərkibində olan semaglutid maddəsi “bioloji saatı yavaşlada” və ümumi sağlamlığa müsbət təsir göstərə bilər.
Tədqiqatda insan immunçatışmazlığı virusu (HİV) ilə əlaqəli lipohipertrofiya xəstəliyindən əziyyət çəkən 108 nəfər iştirak edib. Bu xəstəlik zamanı bədəndə artıq yağ toplanır və hüceyrələrin yaşlanması sürətlənir. İştirakçıların yarısı 32 həftə ərzində “Ozempic” qəbul edib.
Bioinformatik doktor Varun Dvarakanın sözlərinə görə, semaglutid qəbul edənlər tədqiqatın sonunda orta hesabla bioloji baxımdan 3,1 il daha gənc olublar.
Alimlər qeyd ediblər ki, cavanlaşma xüsusilə beynin və immun sisteminin fəaliyyətində nəzərəçarpacaq olub — bu sahələrdə bioloji yaş təxminən 5 il azalıb.
Araşdırma müəllifləri dərmanın maddələr mübadiləsini yaxşılaşdırdığını və orqanizmdə iltihab proseslərini azaltdığını bildirirlər. Məhz bu təsirlər cavanlaşdırıcı effekt yaradır.
Düzdür, tədqiqat xüsusi bir xəstəlik daşıyan insanlar üzərində aparılıb, lakin alimlər bu təsirin digər insanlarda da müşahidə oluna biləcəyini ehtimal edirlər.
Bununla belə, mütəxəssislər bu dərmandan yalnız cavanlaşmaq məqsədilə istifadə etməyi hələlik tövsiyə etmirlər.
Samir