Endolizin fermenti antibiotiklərin davamlı bakteriyaları məhv etmək qabiliyyətini bərpa edir. Karolinska İnstitutunun alimləri belə nəticəyə gəliblər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Təcrübə zamanı alimlər siçanlara beyin qişalarının iltihabına səbəb olan davamlı pnevmokokları yeridiblər. Bundan sonra gəmiricilərə bakteriyanın hüceyrə divarını məhv edən endolizin fermenti ilə birlikdə penisilin verilib. Bu birləşmə antibiotikin patogenləri məhv etmək qabiliyyətini bərpa edib - bütün test siçanları xəstəliyin simptomları olmadan sağalıblar.
Araşdırmanın rəhbəri, tibbi mikrobiologiya kafedrasının dosenti Federiko İovinonun sözlərinə görə, endolizin bir neçə saat ərzində beyinə nüfuz edib.
"Fermentin təsirinin yüksək sürəti beyin və onurğa beyninin beyin qişalarının infeksion iltihabı olan menenjitin müalicəsi üçün yeni perspektivlər açır", deyə tədqiqatçı izah edib.
Eyni zamanda, alimin qeyd etdiyi kimi, terapiya infeksiyadan sonra iki gün ərzində başlamalıdır. Gecikmiş müalicə nevroloji ağırlaşmalar və ölüm riskini artırır.
Antibiotiklərə qarşı müqavimət artıq “səssiz pandemiya” adlandırılır: mövcud dərmanlara davamlı bakteriyaların sayı durmadan artır. Bu, pnevmoniya və meningit də daxil olmaqla ağır infeksiyaların müalicəsini çətinləşdirir. İovinonun fikrincə, 20-30 ildən sonra rezistent bakteriyalar ölümlərin sayında xərçəngi “ötərək” əsas ölüm səbəbinə çevriləcək.
Samir