Üzgüçülük hovuzlarındakı gizli təhlükə: Sizə də yoluxa bilər!

SAĞLAMLIQ
20:56 / 13.08.2025
254

Yay aylarında sərinləmək üçün seçilən üzgüçülük hovuzlarından bakterial, virus, göbələk və parazitar infeksiyalar yayıla bilər. Xüsusilə qulaq infeksiyası olan şəxslərin hovuzdan istifadə etməməsi tövsiyə olunur. Mütəxəssislər hovuz mənşəli xəstəliklərin siyahısını təqdim edərək vacib xəbərdarlıqlar ediblər.

HİT.az xəbər verir ki, Ankara Təhsil və Araşdırma Xəstəxanasının infeksiya xəstəlikləri və klinik mikrobiologiya üzrə mütəxəssisi professor Salih Cesur qulaq infeksiyası olan şəxslərin üzgüçülük hovuzlarına girməməli olduğunu bildirib.

Cesur yay mövsümündə hovuzlardan yayıla biləcək xəstəliklər arasında sidik yolları infeksiyaları, mədə-bağırsaq sisteminə təsir edən gastroenteritlər, gözü zədələyən konjonktivit, qulaq infeksiyaları (otit), sinusit və bəzi parazitar ishal növlərinin olduğunu qeyd edib.

Qulağında otit olanların hovuzdan uzaq durmasının vacibliyini vurğulayan mütəxəssis, boğaz infeksiyası olan şəxslərin də xəstəlik dövründə hovuzdan istifadə etməməsini tövsiyə edib. İshal olan uşaqların hovuz suyunu bakteriyalarla çirkləndirərək xəstəlik yayma riski olduğunu bildirib. Qulaq infeksiyasına meyilli, qulaqda tibbi borusu olan şəxslərin də hovuzdan uzaq durmalı olduğu, hovuzdan istifadə edənlərin qulaq tıxacından yararlana biləcəyi bildirilib.

Göz infeksiyalarının qarşısı üçün üzgüçülük eynəyi taxılması, hovuzdan əvvəl və sonra duş qəbul edilməsinin vacib gigiyena tədbiri olduğu vurğulanıb.

Professor, uşaqların və böyüklərin ayrı hovuzlarda üzməli olduğunu, hovuzların kifayət qədər xlorlanmasının, pH dəyərlərinin və mikrobioloji analizlərinin mütəmadi aparılmasının zəruri olduğunu qeyd edib. Ayaq göbələyi olan şəxslərin hovuz və ya ortaq terlik istifadəsi ilə infeksiyanı yayma riski barədə xəbərdarlıq edib.

Hovuz suyundakı xlorun gözdə kimyəvi konjonktivitə səbəb ola biləcəyi, bu xəstəliyin həm kimyəvi, həm də bakterioloji və virus mənşəli inkişaf edə biləcəyi bildirilib. Ona görə də mütəmadi xlorlama nəzarətinin aparıldığı, təmizliyi təmin edilmiş hovuzların seçilməsi tövsiyə olunub.

Hovuzdan sonra gözlərdə qızartı, sulanma, yüksək hərarət, ürəkbulanma, qusma, ishal və qarın ağrısı kimi əlamətlər müşahidə edilərsə, dərhal həkimə müraciət edilməli, üzmə tarixçəsi barədə məlumat verilməlidir. Səhiyyə Nazirliyi və İl Sağlamlıq Müdürlüklərinin açıq istifadə hovuzlarında mütəmadi yoxlamalar apardığı qeyd olunub və yalnız rəsmi nəzarətdən keçmiş hovuzların istifadəsi tövsiyə edilib.

Samir
 

0