Həkim: "Vətəndaşların tibbi müayinədən keçməyə marağı yoxdur"

SAĞLAMLIQ
10:40 / 13.08.2025
43

"Bu gün vətəndaşlarımız demək olar ki, tibbi müayənədən keçmirlər". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, tibbi müayinədən keçən insan özünü sağlam hiss edir:

"Yəni hər bir şəxs hansısa xəstəliyi olub-olmadığını bilmək üçün bunu etməlidir. Çünki bəzi xəstəliklər xəbərsiz şəkildə inkişaf edir. Məsələn, xarici ölkələrdə belə müayinələr mütamadi şəkildə həyata keçirilir. Xüsusilə 40 yaşdan sonra bəzi analizləri vaxtaşırı verirlər". 

379754

Həkim vurğulayıb ki, tibbi müayinədən keçmək çox mühümdür:

"Bəzən bu, həyat xilas edə bilir. Ona görə də mütəmadi şəkildə tibbi müayinədən keçməlisiniz. Bununla səhhətinizi lazımi səviyyədə saxlaya və ona nəzarət edə bilərsiniz".

Lakin mütəxəssis təəssüflə qeyd edib ki, bizdə belə deyil:

"Azərbaycanda vətəndaşlar demək olar ki, tibbi müayinədən keçmirlər. Bizdə insanlar ancaq xəstə olanda həkimə müraciət edirlər. Həkim də onun xəstəliyinə uyğun şəkildə müayinə aparır. 

Əslində, insanların maaşı yüksək və həyat şəraiti daha yaxşı olsa, tibbi müayinədən keçməyə zaman ayırarlar. Lakin vətəndaşların iş və istirahət rejimi arasında da uyğunluq olmadığı üçün özlərinə zaman ayıra bilmirlər".

Rasif Bağırov diqqətə çatdırıb ki, mütəmadi olaraq tibbi müayinədən keçən şəxslərin ağır xəstəliklərə yoluxma ehtimalı aşağı olur:

"Ancaq əfsuslar olsun ki, bu gün bizdə tibbi müayinədən keçməyə maraq çox aşağı səviyyədədir. Hansısa xəstəni müayinəyə dəvət etmək belə olmur. Yəni hazırsa məsələ çox qəlizdir. Əlbəttə ki, vətəndaşların tibbi müayinəyə belə münasibəti həkimləri qane etmir. Hərçənd ki, bu, birbaşa onların sağlamlığı və gələcəyi üçündür". 

Pərviz
 

0