Boz saçlara necə qulluq etmək olar? - Stilistlərin məsləhətləri

SAĞLAMLIQ
09:25 / 19.08.2025
42

Çoxsaylı qadınlar üçün təbii saç rənginə qayıdış yalnız imicin dəyişməsi deyil, həm də yaşın və müdrikliyin qəbulunun rəmzi hesab olunur. Tanınmış stilistlər saçların təbii şəkildə ağarmasına necə gözəl və düzgün yanaşmağın yollarını izah ediblər.

HİT.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, bu proses çətin ola bilər və səbir tələb edir, çünki boz saçların özünəməxsus qulluq və üslub xüsusiyyətləri var. Məşhur stilist Emilio Uribe (o, Beyons, Şakira və Enn Heteuey ilə işləyib) vurğulayır ki, əsas məsələ bu prosesi bir səyahət kimi qəbul etməkdir. Onun məsləhətləri arasında rəng ustası ilə işləmək, keçidin məqsədini dəqiq müəyyənləşdirmək, ucları mütəmadi olaraq kəsdirmək və boz saç üçün xüsusi vasitələrə sərmayə qoymaq var.

Stilist Robin Emtayc (o, Syuzan Luççi ilə əməkdaşlığı ilə tanınır) saçların nəmliyinə diqqət yetirməyin vacibliyini bildirir. Onun sözlərinə görə, boz saç daha quru olur, buna görə də sulfatız şampunlara, kondisionerlərə və qidalandırıcı maskalara üstünlük vermək lazımdır.

Mütəxəssislərin tövsiyə etdiyi başqa bir tendensiya isə "gray blending" adlanan üsuldur. Bu, ağarmış saçın rəng çalarları ilə yumşaq şəkildə qarışdırıldığı texnikadır. Kolorist Şeron Dorram (o, Barbra Streisand və Culia Roberts ilə işləyib) bu üsulu "gümüş tanrıça" görünüşünə qovuşmağın ən sadə yolu adlandırır.

Bununla belə, stilistlər xəbərdarlıq edirlər ki, boz saça keçid yalnız rəngi deyil, saçın teksturasını da dəyişə bilər. Buna görə də saçlara parıltı qatmaq üçün yağlardan və kondisionerlərdən istifadə etmək, ən əsası isə öz gözəlliyinə inamı qorumaq tövsiyə olunur. Onların fikrincə, insan öz obrazında rahat olduqda ən çox parlayır.

Ekspertlər yekdil şəkildə bildirirlər ki, boz saçın təbii görünüşünü saxlamaq üçün zaman, qayğı və düzgün vasitələr tələb olunur. Amma nəticə buna dəyər: sağlam, baxımlı saçlar və öz təbii gözəlliyinə inam.

Əlavə olaraq qeyd edilir ki, boz saç follikullarının melanin istehsalını dayandırması nəticəsində yaranır. Bu prosesi tamamilə aradan qaldıracaq elmi cəhətdən sübut olunmuş üsul hələ ki, yoxdur. Saçların rənglənməsi və tonlanması isə yeganə alternativ sayılır.

Samir

0