"Azərbaycanda ən çox yayılan əncir növləri qara və sarı əncirdir".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qara əncir sarı əncirə nisbətən az şirin olur:
"Həmçinin, qara əncirin alıcısı da azdır. Lakin sarı əncir şirin olur. Onun qabığı isə açıq yaşılı rəngə sahibdir. Əncirin tam yetişməsini göstərən əsas əlamətlərdən biri onun şirinliyi və qabığının üzərində kiçik çatların olmasıdır. Tam yetişdikdə qabıq üzərində kiçik çatlar əmələ gəlir".
Ekspert əncirin faydalarından da bəhs edib:
"Əncir vitaminlərlə zəngindir və ürək-damar sistemi üçün çox xeyirlidir. Hətta səhər acqarına 4-5 ədəd yedikdə, sanki günortaya qədər doyumluq hissi yaradır. Bundan başqa, əncir görməyə də çox faydalıdır. Amma hər meyvə qədərində istifadə edilməlidir".
Mütəxəssis əncirin zərərlərindən də danışıb:
"Şəkər xəstələrinin çox əncir yeməsi, hətta az miqdarda belə artıq qəbul etməsi onlara mənfi təsir göstərə bilər. Həmçinin, uşaqlarda və həssas olanlarda həddindən artıq əncir qəbulu birinci növbədə dəri səpkiləri, eləcə də allergiya ilə özünü göstərir".
İlkin Şirinov onu da əlavə edib ki, əncirin xarab olma xüsusiyyəti də var:
"Əgər əncir tez yetişdikdə saplağından qırdıqda südü axırsa, qabağı qalın və elastik deyil. Bu o deməkdir ki, əncir tam yetişməyib. Əncirin elastikliyi onun yetişməsinin əsas göstəricisidir. Həmçinin, əncirdən xoş ətir gəlirsə, bu onun yetişdiyini göstərir. Əgər ondan turşu və spirt qoxusu gəlirsə, deməli, əncir xarabdır.
Ümumiyyətlə, ev şəraitində ənciri bir gün, soyuducuda isə düzgün saxlanarsa iki gün saxlamaq mümkündür. Həmçinin, ev şəraitində əncirdən mürəbbə immuniteti gücləndirir".
Pərviz