XX əsrin ilk yarısında qeydə alınan kəskin ömür artımı gələcəkdə təkrarlanmayacaq. Bu qənaətə Viskonsin-Medison universiteti, Maks Plank demoqrafik tədqiqatlar institutu və Fransa demoqrafik tədqiqatlar institutunun alimləri gəliblər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
Tədqiqatçılar yüksək gəlir səviyyəsinə və aşağı ölüm göstəricilərinə malik 23 ölkənin demoqrafik məlumatlarını təhlil ediblər. Analiz göstərib ki, 1939-cu ildən sonra doğulan nəsillərin 100 yaşına çatması orta hesabla real görünmür. XX əsrin əvvəllərində hər yeni nəsildə ömür uzunluğu təqribən 5,5 ay artırdısa, 1939-cu ildən sonra bu artım cəmi 2,5–3,5 ay təşkil edib.
Müəlliflərin sözlərinə görə, əvvəlki dövrdə "sıçrayışlı irəliləyişlər" əsasən körpə ölümlərinin kəskin azalması, tibbin inkişafı və həyat şəraitinin yaxşılaşması ilə bağlı idi. Bu gün uşaq ölümü göstəriciləri minimuma enib, yaşlılıq dövründə həyatın uzadılması isə eyni templə artımı təmin edə bilmir.
Bununla belə, alimlər vurğulayırlar ki, bu proqnozlar qəti hesab edilə bilməz: gələcəkdə yeni tibbi texnologiyalar, sosial dəyişikliklər və ya pandemiya kimi gözlənilməz hadisələr ömür uzunluğuna ciddi təsir göstərə bilər.
Samir